RU

Hörmüz boğazının yenidən açılması birjalarda alüminium qiymətlərini ucuzlaşdırıb

Qahirə, 17 aprel, AZƏRTAC

Hörmüz boğazının yenidən açılması elan ediləndən sonra London birjasında alüminiumun qiymətləri kəskin ucuzlaşıb. Bu addım Bəhreyn, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi iri istehsalçıların metal ixracını bərpa etməsinə imkan yaradır.

AZƏRTAC “Bloomberg-Şərq” agentliyinə istinadla xəbər verir ki, London Qiymətli Metallar Birjasında üç aylıq alüminium müqavilələri 5,7 faizədək ucuzlaşıb və London vaxtı ilə axşam saat 02:44-də bir ton alüminium 3540 dollara satılıb.

Qeyd edək ki, avtomobil istehsalında və içki qablarının hazırlanmasında geniş istifadə olunan bu yüngül metalın qiyməti regionda baş verən hadisələrə görə son dörd ilə yaxın bir dövrlə müqayisədə ən yüksək səviyyəsinə yüksəlmişdi. İranla münaqişə səbəbindən Hörmüz boğazında naviqasiya demək olar ki, iflic olmuşdu. Dünya alüminium istehsalının təxminən onda biri Yaxın Şərqin payına düşür.

Xatırladaq ki, İran tərəfi Livanda atəşkəs qüvvədə qaldığı müddət ərzində Hörmüz boğazının da bütün ticarət gəmiləri üçün açıq qalacağını elan edib. Bu açıqlama, həmçinin neft və təbii qaz qiymətlərinin də aşağı düşməsinə səbəb olub.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Избранный
20
2
azertag.az

5Источники