RU

Kuba üçün Venesuela ssenarisi mümkün deyil -Deputat

"ABŞ-nin Kuba ilə bağlı yürütdüyü siyasət və son zamanlar səsləndirilən kəskin bəyanatlar beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Xüsusilə Venesuelada beynəlxalq hüquq normalarına zidd şəkildə həyata keçirilən əməliyyatlardan sonra, rəsmi Vaşinqtonun bənzər addımları Kubada da ata biləcəyinə dair mesajları dünya ictimaiyyətində ciddi narahatlıq və gərginlik yaradıb. Nəzəri baxımdan Amerikanın müəyyən addımlar atma ehtimalı olsa da, onilliklərdir ağır iqtisadi sanksiyalar və izolyasiya şəraitində, məşəqqət içində yaşamağa alışmış Kuba xalqına qarşı sanksiya dilinin artıq səmərəsiz olduğu gün kimi aydındır".

Bunu Redaktor.az-a Milli Məclisin deputatı Tural Gəncəliyev danışdı.

Onun sözlərinə görə, Kubada Nikolas Maduro ssenarisinin təkrarlanacağı ehtimalı da inandırıcı görünmür:

"Çünki Maduro müxtəlif siyasi qruplaşmaların, neft və narkobiznes maraqlarının toqquşduğu bir mühitdə liderlik edirdisə, Kubanın daxili strukturu və xalqın yanaşması köklü şəkildə fərqlənir. Venesuelada rəhbər şəxslərin hədəf alınması cəhdlərinə xalqın və hökumətin verdiyi reaksiya ilə Kubadakı reallıqlar üst-üstə düşmür. Bu səbəbdən Kubada hansısa yüksək rütbəli rəsmi şəxsin kənarlaşdırılması və ya oğurlanması əməliyyatı nəzəriyyədə mümkün olsa da, gözlənilən siyasi effekti verməyəcəkdir".

Millət vəkilinin fikrincə, İran böhranı kontekstində Amerikanın qarşılaşdığı çətinliklər rəsmi Vaşinqtonu Kubada sərt addımlar atmaqdan çəkindirən mühüm amildir:

"Respublikaçılar Partiyasının və Trampın nüfuzunun aşağı olduğu bir dövrdə yeni bir uğursuzluq və ya "fiyasko" siyasi baxımdan daha ağır nəticələrə yol aça bilər. Amerika bəzən Yaxın Şərqdəki mövqe itkisini kompensasiya etmək və qitədə hələ də söz sahibi olduğunu nümayiş etdirmək üçün bu cür kəskin əməliyyatlara meyillənsə də, reallıq fərqlidir. İran məsələsi Amerikanın xeyrinə müsbət həllini tapmadıqca, bunun ehtimalı getdikcə azalır. Kubaya qarşı ritorikanın hərbi fazaya və ya genişmiqyaslı sərt addımlara keçəcəyi inandırıcı deyil".

Xədicə BAXIŞLI

Избранный
18
1
redaktor.az

2Источники