RU

Roma Papası Kamerunda sülh və ədalət çağırışı etdi

Papa XIV Leo Kameruna səfəri zamanı Afrikanın təbii sərvətlərinin xarici qüvvələr tərəfindən mənfəət üçün istismar edilməsini və qitənin resurslarının talan olunmasını tənqid edib.

“BBC” xəbər verir ki, Roma Papası Bamenda şəhərində minlərlə insan qarşısında çıxış edərək Afrikadakı daxili problemlərin xarici müdaxilə və iqtisadi maraqlar səbəbindən daha da dərinləşdiyini bildirib. O qeyd edib ki, bir çox xarici qüvvələr qazanc əldə etmək üçün regionun sərvətlərindən istifadə edir. 

Papa, həmçinin Kamerunda davam edən separatçı münaqişəyə toxunaraq korrupsiyanın aradan qaldırılmasının və sülhün bərqərar olmasının vacibliyini vurğulayıb. O, ölkədə gənclərin və qadınların investisiya edilməsinin, onların təhsil və məşğulluq imkanlarının artırılmasının sülh üçün əsas şərt olduğunu bildirib.

Kamerunun ingilisdilli bölgələrində illərdir davam edən münaqişə minlərlə insanın ölümünə və çox sayda insanın evindən didərgin düşməsinə səbəb olub. Papa görüşlər zamanı həm dini liderləri, həm də münaqişədən zərər çəkən insanları dinləyib və sülh çağırışı edib. O, səfərinin əsas məqsədinin regionda sülhün təşviqi olduğunu bildirib və Afrika ölkələrində ədalət, birlik və korrupsiyaya qarşı mübarizənin vacibliyini bir daha vurğulayıb.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
37
azerbaijan-news.az

1Источники