RU

Azərbaycana ət idxalı artıb: “Ərzaq təhlükəsizliyi baxımından...”

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

2026-cı ilin ilk 3 ayı ərzində (yanvar-mart) Azərbaycana 28 milyon 630 min dollar dəyərində 12 min 300 ton ət idxal edilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin aylıq statistikasında bildirilir.

2025-ci ilin ilk 3 ayı ərzində isə Azərbaycana 24 milyon 825 min dollar dəyərində 11 min 890 ton ət idxal olunmuşdu. Beləliklə, Azərbaycan xaricdən ət alışını bu il 3 milyon 805 min dollar və ya 15,3 % artırıb.

Qeyd edək ki, bu gün marketlərdə yerli istehsal olan ət və ət məhsulları ilə yanaşı idxal ətləri də satışdadır. Restoranlardan fərqli olaraq vətəndaşlar marketlərdə satışda olan idxal ətinə o qədər də maraq göstərmirlər. 

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə 2002-ci ildə təsərrüfatlarda 6002,9 min baş qoyun olubsa, 2025-ci ildə bu rəqəm 6502,3 min baş olub. Eləcə də 2002-ci ildə 859 min baş inək olub ki, ötən il bu rəqəm 1178,6 min baş olub. 

Bununla yanaşı bəzi ekspertlər ölkəyə ət idxalının artmasının əsas səbəblərindən biri kimi məhz son illər ölkədə heyvandarlığın zəif inkişafını göstərirlər.

Ət istehsalı azalmaqda davam edərsə və təcili tədbir görülməsə, əhali ancaq idxal ətinin ümidinə qalacaq?

Məsələ ilə bağlı “Cebheinfo.az”-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, verilən rəqəmlərə görə, Azərbaycan 2026-cı ilin ilk üç ayında ət idxalını həm həcm, həm də dəyər baxımından artırıb:

“Bu artım daxili istehsalın tələbatı tam ödəyə bilmədiyini və ya bazarda qiymət, keyfiyyət, yaxud mövsümi amillərlə bağlı boşluqlar yarandığını göstərə bilər. Əgər ət istehsalında azalma tendensiyası davam edərsə və bunun qarşısını almaq üçün effektiv tədbirlər görülməzsə, idxaldan asılılıq daha də arta bilər. 

Bu isə bir neçə risk yaradır, xarici bazarlardakı qiymət dəyişiklikləri daxili bazara birbaşa təsir edər, valyuta xərcləri artar və ərzaq təhlükəsizliyi baxımından ölkə daha həssas vəziyyətə düşər. Amma bu o demək deyil ki, vəziyyət qaçılmaz olaraq yalnız idxal ətinə bağlılıqla nəticələnəcək.

Dövlət tərəfindən heyvandarlığın inkişafı, yem bazasının gücləndirilməsi, fermerlərə subsidiya və texniki dəstək, eləcə də məhsuldarlığın artırılması istiqamətində addımlar atılarsa, daxili istehsalı artırmaq mümkündür. Paralel olaraq idxal da bazarda sabitliyi qorumaq üçün müəyyən səviyyədə saxlanıla bilər.

Yəni hazırkı artım bir siqnal kimi qəbul olunmalıdır. Vaxtında və düzgün iqtisadi tədbirlər görülərsə, ölkənin tam şəkildə idxal ətindən asılı vəziyyətə düşməsi real ssenari olmaq məcburiyyətində deyil”.

Nigar Abdullayeva

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
30
1
cebheinfo.az

2Источники