RU

Futzal yığmasının qapıçısı: Gürcüstan və Qazaxıstanla oyunlar bizə gələcək üçün ümid verdi

Bakı, 17 aprel, AZƏRTAC

Aprelin 5-dən 8-dək Bakıda toplanış oldu. Daha sonra Gürcüstan və Qazaxıstanda yerli yığmalarla yoxlama görüşləri keçirdik.

Bu sözləri AZƏRTAC-a açıqlamasında futzal üzrə Azərbaycan millisinin qapıçısı Emin Kürdov deyib.

“İlk oyun idi. Milli uzun vaxt idi görüş keçirmirdi. Düzdür, çətinliklər yaşadıq, amma bizim üçün yaxşı təcrübə oldu. Lakin gürcürlərlə ikinci qarşılaşma fərqli idi. Hakim səhvindən qapımızda qol gördük. Biz rəqibdən feyr-pley gözləyirdik. Amma onlar bunu etmədilər”, - deyə qapıçı qeyd edib.

Təcrübəli qolkiper Qazaxıstanla ilk matça yorğun çıxdıqlarını söyləyib: “Buna görə də böyük hesabla uduzduq. Baş məşqçi həmin oyunda mən və komandanın digər təcrübəli üzvü Tofiq Mikayılova istirahət verdi. Uşaqlar sonadək döyüşdülər. Deyərdim ki, həmin rəqibə qarşı ikinci qarşılaşma bizim futzalın gələcəyi üçün ümidverici oldu. Mən özüm də həvəsləndim. Tam fərqli oynadıq. Oyundan sonra Aktau şəhərinin də daxil olduğu Manqistau vilayətin rəhbəri Nurdaulet İqlidoqlu maraqlı oyuna görə təşəkkürünü bildirdi. Bildiyiniz kimi, Aktau futzal şəhəridir. Görüşə maraq yüksək səviyyədə idi. Bütün biletlər satılmışdı. Qazaxıstan kimi güclü komandaya qarşı başabaş oynamaq böyük uğurdur. Həmçinin son Avropa çempionatının iştirakçısı Gürcüstana qarşı oyunları qeyd edərdim. Bu toplanış bizdə böyük inam yaratdı. Bu ilin oktyabr ayında dünya çempionatının pley-off oyunları olacaq. Ona qədər yenə hazırlıq keçmək istəyirik. Arzum odur ki, ikinci dəfə dünya çempionatına vəsiqə qazanaq. Biz bir dəfə mundialda iştirak edib, beşinci olmuşuq. Həmin heyətdə mən də var idim. Azarkeşlərdən xahişim budur ki, bizə evdəki matçlarda dəstək olsunlar. İnanın ki, millidə böyük potensial var. Sadəcə, dəstək olmaq lazımdır”.

Hazırda “Araz-Naxçıvan”da çıxış edən 41 yaşlı əlcək sahibi komandasının Çempionlar Liqasındakı builki çıxışını uğurlu alındığını bildirib: “On ildən sonra pley-off mərhələsinə vəsiqə qazandıq. Hazırda klub olaraq “top 10-luq”da yer alırıq. Bu da komandamızın inkişaf etdiyini göstərir”.

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu Azərbaycan millisi hazırlıq çərçivəsində keçirdiyi yoldaşlıq görüşlərində Gürcüstana (2:4, 2:5) və Qazaxıstana (2:4, 2:9) məğlub olub.

Избранный
38
azertag.az

1Источники