RU

Nizam sual verməməkdir...

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Lalə ƏLİYEVA

"525-ci qəzet"in oxucularını yeni, maraqlı bir yazıçı ilə tanış etmək istəyirəm. 12 yaşlı Zəminə Məmmədovanı 262 saylı məktəbin 7 a sinif şagirdi, yazı qabiliyyəti ilə yaşıdlarından seçilən istedad kimi də təqdim edərdim. 

Amma "7 məktub 1 həqiqət " adlı ilk kitabına yazdığı "ön söz"də cəsarətli axtarışlara hazır olan ciddi müəllif imzası gördüm.

"Həqiqətə çatmaq mümkündürmü?" düşünüb Zəminənin qələminin cızdığı yollarla onun ardınca getdim...   

Həyat çox vaxt bizə seçimlər təqdim etdiyini iddia edən nəhəng bir ssenaridir. Amma bir çoxumuz üçün bu ssenari biz doğulmazdan çox əvvəl yazılıb. Biz sadəcə bizə ayrılmış vaxtda, bizə cızılmış relslərin üzərində hərəkət edən sərnişinlərik. Bəs o relslər qəfil qırılsa? Bəs hər səhər güzgüdə gördüyünüz o nizamlı, sakit və təhlükəsiz həyat əslində bir yalanın üzərində qurulubsa?

Bu kitab - Fəridənin hekayəsidir. Amma eyni zamanda, hər gün eyni saatda oyanan, eyni yollarla işə gedən, eyni qorxuları gizlədən hər birimizin hekayəsidir. Fəridə üçün nizam bir xilaskardır. O, atasının itkisi ilə yaranan o qaranlıq boşluğu saatların dəqiqliyi, ütülü geyimlər və rəngsiz divarlarla doldurmağa çalışır. Çünki nizam susmaqdır. Nizam sual verməməkdir.

Lakin bir səhər qapısının altından sürüşdürülən o ağ zərf, sadəcə bir kağız parçası deyil, keçmişin soyuq əlidir. O əl Fəridəni nizamın saxta hüzurundan dartıb çıxarır və Bakının küləkli küçələrində, adsız məzarların sükutunda, paslanmış "Şeytan çarxları"nın kölgəsində gəzdirir.

"Naməlum Nömrədən 7 Məktub" oxucuya bir sual verir: Sən həqiqəti öyrənmək üçün bütün həyatını dağıtmağa hazırsanmı?

Bu kitabın hər fəslində bir qıfıl açılır. Amma açılan hər qapının arxasında yeni bir qaranlıq gizlənir. Fəridə ilə birlikdə bu yeddi məktubun izinə düşərkən, siz də öz keçmişinizin tozlu rəflərinə baxacaqsınız. Çünki bəzən ən böyük sirlər elə hamının gözü qarşısında, ən sadə nizamın içində gizlənir.

Unutmayın, bu bir xilas hekayəsi deyil. Bu, özünü kəşf etmək üçün yox olmağı gözə alan bir qadının, iyirmi illik sükutu sındıran bir atanın və qatilini bağışlamağı öyrənən bir vicdanın dastanıdır.

İndi zərfi açmağın vaxtıdır. İlk məktub sizi gözləyir.

Xoş mütaliələr...    

Kitabların "ön söz"ü nəql ediləcək hekayənin cövhəri sayılırsa, Zəminənin həyata başqa səmtdən baxdığı ilk cümlələrindən bəllidir. Bu, komikslərlə böyüməyən, "motivasiya hekayələri"nin arxasınca düşməyən, sosial şəbəkələrin təklif etdiyi xülyalar aləmində fərdiyyəti əriyib yoxa çıxmayanların yoludur. Konkret  zaman, məkan və verilmiş şərtlər daxilində özünü dərk etmək istəyənlərin üz tutduğu fərqli və riskli istiqamətdir...

İLK ÇAĞIRIŞ (kitabdan fraqment)

Bakının noyabr küləyi qədim, daş binanın pəncərə çərçivələrini elə sarsıdırdı ki, sanki içəri girmək üçün icazə istəyən inadkar və qəzəbli bir qonaq idi. Fəridə yatağında dikəldi. Soyuq otaqda onun nəfəsi kiçik buxar dumanı yaradırdı. Saat tam 07:00 idi. İllərdir bir saniyə belə gecikməyən daxili saatı onu yenə yanıltdı. Onun həyatı bu görünməz relslərin üzərində hərəkət edirdi: hər şey proqnozlaşdırılan, hər şey rəngsiz, hər şey təhlükəsiz idi.

Fəridə yataqdan qalxıb ayaqlarını soyuq döşəməyə qoydu. Bu soyuqluq ona sağ olduğunu xatırladırdı. Güzgünün qarşısına keçdi. Tünd qəhvəyi saçlarını darayarkən güzgüdəki əksinə baxdı. Gözlərindəki yorğunluq nizamın gətirdiyi bir yük idi. Fəridə üçün nizam sadəcə vərdiş deyildi, o həm də bir qalxan idi...

Əsərin qəhrəmanı 20 yaşlı Fəridənin aldığı 7 sirli məktubdan birincisi onu qəzadan - ölümdən qurtarır. Müəllifin verdiyi ilk ipucu adsız,  möhürsüz, sadəcə, Fəridənin öz xəttinə bənzəyən, amma ondan daha qətiyyətli bir əllə yazılmış "OXU" sözündədir. Sonrakı məktublar ətrafda sayrışan işarələri oxumağa, anlamağa, dərk etməyə kömək etməlidir... 

İŞARƏ DİLİ (kitabdan fraqment)

Əlləri elə əsirdi ki, zərfi götürəndə sanki barmaqları buz kəsdi. Bu dəfə içindəki kağız daha ağır idi, qoxusu isə insana qəribə bir nostalji bəxş edirdi - sanki on illərlə açılmayan köhnə bir sandıqdan çıxmışdı.

"Həyatını mənə borclusan, Fəridə. Ölümdən qaçmaq asandır, amma həqiqətdən qaçmaq qeyri-mümkündür. İndi borcunu ödəmək, illərdir daxilində boğduğun o sualların cavabını tapmaq vaxtıdır. Şəhər qəbiristanlığına get. 14-cü cərgə, adsız məzar. Bir dəstə ağ qızılgül apar. Unutma, ölülər bəzən dirilərdən daha dürüst və daha cəsur danışırlar".

Fəridə bir müddət məktubla baxışdı. "Niyə mən?" - deyə pıçıldadı. Səsi bomboş mənzildə əks-səda verdi. Amma daxili bir səs ona deyirdi ki, artıq geri dönüş yoxdur. Ya bu sirrin ardınca gedəcəkdi, ya da ömrünün qalanını qorxu içində, kiminsə onun üçün çəkdiyi relslərin üzərində yaşayacaqdı.

Hadisələrin gedişatı kvest oyununu xatırladır. Ölülər və dirilər dünyasının astanasında - yuxu ilə gerçəklik arasında zühura gələn vahiməli fikirlərin əvvəl açarı, sonra qapısı tapılır. Amma baş verənlər müasir bestsellerin süjet xəttini yaradan macəralara bənzəmir.  Gənc qəhrəman suallarının cavabını kənardan yox, içində axtarır...     

İKİ ALƏM ARASINDA (kitabdan fraqment)

Şeytan çarxının paslı kabinəsində bir qaraltı vardı. "Ata?..", - Fəridənin səsi boğuldu, - "Ata, sənsən?"

Köhnə, üzü çatlamış vitrin manekenin əynindəki altı yaşında parkda azdığı gün geyindiyi kiçik çiçək naxışlı düymələri hələ də yerində qalan o kiçik palto idi. Elə təmiz idi ki, sanki kimsə onu iyirmi il boyunca hər gün ütüləyib saxlamışdı...

"Atanın emalatxananın açarları artıq sənədədir, Fəridə. Amma unutma, açarlar sadəcə qapıları açır, ruhundakı qıfılları yox..."

Əsərin ən təsirli epizodu emalatxanadakıı görüş səhnəsidir.  Bəli, emalatxana bu görüşün baş tuta biləcəyi yeganə yerdir. Onu günlərdir qarabaqara izləyən, məktub göndərən, acı xatirələrinin üzərindən pərdəni götürən, yaddaşındakı yaraların qaysağını qoparan kim imiş? Baş verənləri hissələrə ayırmaq, duyğuları müayinə etmək, dağınıq "pazlları" birləşdirmək həqiqəti görmək üçün çox vacibdir. Ən böyük təhlükə insanın özü ilə - keçmişi və gələcəyi ilə üz-üzə qalması deyilmi?..

EMALATXANA (kitabdan fraqment)

Fəridə yerindən sıçradı, fənəri səsin gəldiyi tərəfə çevirdi. Kölgələrin içindən bir qadın çıxdı. Üzündə illərin iz saldığı dərin qırışlar,  gümüşü saçlar… amma baxışları... Fəridəyə elə tanış idi ki, sanki hər sabah güzgüdə gördüyü gözlərdi.

"Sən kimsən?" - Fəridənin səsi titrədi.

Qadın acı bir təbəssümlə yaxınlaşdı, işığın dairəsinə girdi:  "Səncə, mən kiməm? Diqqətlə bax. Burnunun yanındakı o kiçik xala, sol gözünün altındakı o yara izinə... Mən sənin bitməmiş hekayənəm, Fəridə..."

Fəridə bir addım geri çəkildi, fənəri əlindən düşmək üzrə idi:

"Sən… mənə bənzəyirsən. Çox bənzəyirsən. Amma bu, mümkün deyil!"

"Atamızı axtarmaqdan vaz keç dediyimdə zarafat etmirdim. O qapını açsan, gördüyün həqiqət səni azad etməyəcək, Fəridə. Səni məhv edəcək. Eynən məni məhv etdiyi kimi..."- qadın qəzəblə dilləndi...

"Sən mənim gələcəyimsən?" - Fəridə dəhşət içində pıçıldadı...

Şəxsiyyətin həyat labirintində özünü tapmaq cəhdləri çətin imtahanlardan keçir. Dolaşıq kələfin ucu iyirmi il əvvəl baş vermiş müəmmalı qətlə aparır. Ata itkisi! Bu ağır itkinin, böyük sarsıntının yaratdığı boşluqda tutunacaq məna yoxdur. Cəmi 12 yaşının pəncərəsindən baxan müəllif qəhrəmanının keçirdiyi hissləri dəqiq ifadə edir - arxasız, dayaqsız, müəmmalar üzərində qurulan yalançı nizam uzun müddət işə yaramır, günlərin birində susub-susub dayanan insanın dünyası qəfil dağılır...

HƏQİQƏT ANI (kitabdan fraqment)

Maşının fənərləri yolun kənarındakı çılpaq ağacları elə aydınladırdı ki, sanki keçmişdən gələn və ona yol göstərən ruhlar idi...

Darvazanın önündə dayananda Fəridənin əlləri sükandan ayrılmaq istəmirdi. Bu qapıdan içəri girmək, uşaqlığının ən böyük yarasını qanatmaq demək idi... Addım-addım bağçaya girdi. Ayağının altında xışıldayan yarpaqlar ona "Geri dön!" deyirdi, amma ürəyi artıq başqa cür döyünürdü.

Evin içinə girdi. Hər yer toz içində idi, mebellərin üstünə çəkilmiş ağ örtüklər qaranlıqda hərəkətsiz qalmış kabuslara bənzəyirdi. Birdən gözü mətbəx stoluna sataşdı. Orada, tozun və kimsəsizliyin ortasında tək bir şam yanırdı. Şamın titrəyən işığı divarlarda Fəridənin uşaqlıq kölgələrini - atasının çiynində gəzdiyi, birlikdə dondurma yediyi o xoşbəxt anları canlandırırdı.

Şamın yanında yeddinci, yəni sonuncu məktub dururdu...

Sonuncu, 7-ci məktub bütün sualların cavabıdırmı? Deyil. Sadəcə, zorən pərdələnmiş keçmişin üstündən qatı qaranlığın çəkilməsi, nizam kimi görünən xaosun dağılmasıdır. Kitabın qəhrəmanını yeni burulğan öncəsi tapdığı cavab ürəkləndirir. Yeganə həqiqət bundan ibarətdir ki, təkamül yalnız hərəkətlə gəlir. Həyatı monoton edən vərdişləri darmadağın etməksə qorxaqların seçimi deyil...  

Epiloq (kitabdan fraqment)

Fəridə başını qaldırdı. Yorğun şəhərin üfüqləri ağarmağa başlayırdı. Ayağa durdu, pəncərəni geniş açdı, şamı söndürdü. Artıq şama ehtiyac yox idi. Fəridənin daxilindəki qaranlıq bitmişdi. O, 20 il əvvəl yarımçıq kəsilmiş uşaqlıq gülüşü ilə günəşə tərəf baxdı.

Həyat daha qorxulu oyun deyildi. Birlikdə yazılacaq yeni və təmiz bir kitab idi...

"7 məktub, 1 həqiqət" kitabının müəllifi Zəminə bu əsəri köhnə planşetində yazıb, anasının telefonundakı votsapla ilk dəfə çox sevdiyi ədəbiyyat müəlliməsinə göndərib.

Bir neçə il ...məktəbdə dərs deyən, şagirdlərində mütaliəyə, yazıya maraq yaradan Şəfa müəllimə az sonra Zəminəyə əsl sürpriz edib. Bütün mətni printerdə çapa verib, üz qabığını dizayn edərək ilk kitabının yeganə nüsxəsini şagirdinə hədiyyə edib...

Hər şey ilkdən başlanır...       

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
525.az

1Источники