RU

Ukraynalı ekspert: Bu il Ukraynada prezident seçkilərinin keçirilməsi mümkün görünmür

Kiyev, 17 aprel, AZƏRTAC

Ukraynada müharibə dönəmində prezident seçkilərinin keçirilməsi aktuallığı ölkənin dövlət qurumlarında, siyasi dairələrində müzakirə olunmaqdadır. Ukrayna Mərkəzi Seçki Komissiyasının sədr müavini Sergey Dubovik bildirib ki, parlament üzvləri də daxil olmaqla, hər kəSin fikri budur ki, hərbi əməliyyatların aktiv mərhələsi dayandırılmalı, dəqiq demarkasiya xətti müəyyən edilməli və yalnız bundan sonra seçkilərin təşkili üçün altı aylıq müddət verilməlidir. Ukraynanın yerli ekspertləri isə hesab edir ki, seçkilərin keçirilməsi üçün qanunvericiliyə dəyişiklik edilməlidir.

Məsələ ilə bağlı AZƏRTAC-a açıqlamasında ukraynalı ekspert Aleksandr Kovalenko bildirib ki, Ukrayna Konstitusiyasına görə, müharibə zamanı prezident seçkilərinin keçirilməsi qəbuledilməzdir: “Bu, mümkün deyil. Ukrayna Prezidenti bunu dəfələrlə bildirib, bu cür açıqlamalar vermək səlahiyyəti olan digər vəzifəli şəxslər və hətta digər ictimai rəy liderləri də bunu bildiriblər. Hamı qeyd edir ki, Ukraynanın hərbi əməliyyatlar dövründə, yəni Rusiya tərəfindən ölkəmizə qarşı tammiqyaslı müharibə hələ də davam edərkən, seçkilərin keçirilməsi tələbi konstitusiya baxımından qanunsuzdur. Heç kimin Ukrayna Konstitusiyasına müdaxilə etmək və qanunlarımızı pozmaq hüququ yoxdur. Ukrayna öz Konstitusiyasına sadiq qalır”.

Onun sözlərinə görə, bu il müharibə davam etdiyi üçün seçki keçirilməsi mümkünsüzdür.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın ötən ilin dekabrında Ukraynada seçkilərin keçirilməsinin zəruriliyi barədə verdiyi açıqlamasından sonra Ukraynada Mərkəzi Seçki Komissiyasının nümayəndələri, parlament üzvləri və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət xüsusi qrup yaradılıb. Bu qrup Ukraynada atəşkəs dövründə hansı şərtlər daxilində seçkilərin keçirilməsi məsələsini araşdırır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Избранный
7
1
azertag.az

2Источники