ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Nurəddin İSMAYIL
Azərbaycan dövlətinin son beş ildə yürütdüyü xarici siyasət kursu çoxşaxəli, balanslı, uzaq gələcəyə hesablanmış, ölkənin siyasi gələcəyini qarantiya altına alan, onun təhlükəsizliyini, suverenliyini, ərazi bütövlüyünü təmin etməyə yönələn düzgün siyasi xətdir və bu siyasi kursun düzgünlüyü otuz illik opponentləri də öz baxışlarında korrektə etməyə sövq edir.
Syasətdə qəflətən nəsə baş verməsi, bir həmlə ilə ciddi uğur qazanılması sadəlövh düşüncənin məhsuludur və bu bəsit yanaşma dövlət ağlının dərin mahiyyəti ilə uzlaşa bilməz. Son beş ildə baş verən proseslərə, xarici siyasətdə əldə edilən uğurlara diqqət etsək, bu uğurların son otuz ildə hansı dəyişiklərdən, itkilərdən, ağrı-acılardan, iqtisadi sarsıntılardan, siyasi təbəddüllatlardan, beynəlxalq təzyiqlərdən keçdiyinin şahidi olarıq. Demək ki, otuz illik siyasi kursun apogeyi sayılan, üzümüzü ağardan, bizə zəfər qazandıran 44 günlük müharibə və bir günlük antiterror əməliyyatı, son beş ildən əvvəlki kursda buraxdığımız yanlışların, beynəlxalq arenada təklənmənin, müdafiə sistemindəki əyintilərin, ordumuzda kök atan xəyanətlərin aradan qaldırılması, təhlil edilməsi, düzgün nəticə çıxarması sayəsində baş tutmuşdur.
Dövlətimizin son beş ildə öhdəsindən gəldiyi işlər danılmazdır. Qarşıda otuz ildən artıq zaman kəsiyində dalana dirənmiş Qarabağ probleminin köklü həlli, problemin həllinə dirəniş göstərən məlum dövlətlərlə, erməni havadarına çevrilmiş beynəlxalq təşkilatlarla üz-üzə gəlmək riski, şimal və cənub qonşularımızın içimizə soxduğu, imperiya ambisiyalarına xidmət etdirdiyi casus şəbəkəsini zərərsizləşdirmək kimi mühüm vəzifələr dururdu. Qarabağ adlı milli problemi iki yüz il əvvəl bizə sırıyan, ordusu ilə, imperiya siyasəti ilə erməni kimliyini qoruyan nəhəng bir dövlətlə - Rusiya ilə hansı dildə danışmaq, onu necə neytrallaşdırmaq, Ermənistanın suverenliyini, ərazi bütövlüyünü özünə qırmızı xətt elan edən cənub qonşumuzla necə başa çıxmaq, vəzifəsi sülh yaratma olan, praktiki olaraq ermənipərəst mövqe sərgiləməklə müharibə alovunu körükləyən Minsk qrupu ölkələri həmsədrlərinin yarıtmaz fəaliyyətindən necə can qurtarmaq, bunlar hamısı dövlətdən səbr, siyasi iradə, zamanlama, diplomatik çeviklik tələb edirdi və olundu.
Son beş il dövlət başçısı İ.Əliyevin xarici siyasət sahəsində, diplomatik gedişlərdə müstəsna qabiliyyətini ortaya çıxardı. Onun istər Qarabağ probleminin güzəştə yer qoymayan həllində, istər Cənubi Azərbaycanda yaşayan soydaşlarımızla bağlı məsələlərdə, istərsə də türk dövlətləri birliyinin, Turan evinin yaradılması istiqamətində atdığı addımları, bu istiqamətdə Ə.Elçibəylə başlayan, təcrübəli siyasətçi H.Əliyevlə inkişaf etdirilən uzaqgörən siyasətin davamı kimi dəyərlədirsək, yanılmarıq. Hər bir siyasi dönəm hadisələrə, ətrafındakı dövlətlərə, onların davranış və hərəkətlərinə uyğun olaraq yeni siyasi yanaşma tələb edir.
Dünənə qədər ritorikamız Ermənistanı düşmən dövləti kimi tanımaq və tanıtmaq üzərində qurulurdusa, bu günkü yanaşmalar, bu dövləti dostluğa can atan, məğlubiyyətindən irəli gələn öhdəlikləri yerinə yetirmək üçün cəhdlər göstərən dövlət kimi göstərməyi tələb edir. Qələbənin ilk günlərində “nə oldu Paşinyan” deyib, bu üslubla qələbənin dadını yaşayan və yaşatdıran dövlət başçısı, hazırkı dönəmdə, Rusiya kimi nəhəng dövlətlə baş-başa gələn həmin şəxsin sərgilədiyi siyasi xəttin, Azərbaycanın, eləcə də Cənubi Qafqazın təhlükəsizliyinə xidmət etdiyinin fərqindədir. İkili münasibətlərin, görüşlərin davamından narahat olan təkcə Kremlidir və xalqları bir birinin üstünə saldırmaq ocağı olan bu Saray Ermənistanda ipə-sapa yatmayan Paşinyandan fərqli, yeni vassal axtarışındadır. Qarşı tərəfin istəklərindən doğan, gizli siyasi niyyətlərinə, iqtisadi, hərbi maraqlarını təmin edən yaxınlaşmaları yeri gələndə həmin dövlətlə ölçülü məsafə saxlamağı tələb edir. Rusiya hava məkanında mülki təyyarəmizin vurulmasından sonra Azərbaycanın məsafəli davranışı, bir sıra vacib görüşləri təxirə salması, Azərbaycanla başqa cür - hədə-qorxu dili ilə danışmaq zamanının keçmişdə qalmasına tutarlı cavabı idi...
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.