Yenisabah saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Küçələrdəki səs-küydən uzaqda, bir binanın divarları arasında talelərin səsini eşitməyə gəlmişik. Bu səs nə oyuncağın cingiltisidir, nə də şən uşaqların gülüşüdür. Bu, valideyn zorakılığına məruz qalan, evindən, yəni ən təhlükəsiz saymalı olduğumuz məkandan atılan uşaqların səssiz harayıdır.
Bu gün yolum “Mehriban Qadın və Uşaq Sığınacağı”nadır. Qapısından içəri girərkən insan anlayır ki, bura sadəcə müvəqqəti sığınacaq deyil, vaxtından tez böyüməyə məcbur qalan balaca talelərin, gülüşləri üzlərində donan qadınların gəldiyi ünvandır.
Onların bəzisi fiziki zorakılığın izlərini bədənində, bəzisi isə psixoloji şiddətin ağır yükünü qəlblərində daşıyır. Valideyn sevgisi görməli olduqları yaşda qorxu ilə tanış olan bu uşaqlar üçün sığınacaq yeni başlanğıcın ilk addımıdır.
Bu reportajda zorakılığa məruz qalan və valideynləri tərəfindən tərk edilən uşaqların hekayələrinə, onların qorxu dolu keçmişinə və ümidlə baxdıqları gələcəyə işıq salacağıq. Çünkü hər uşaq təhlükəsiz evə, sevgi dolu qucağa və qorxusuz böyümək haqqına sahibdir.
“Yeni Sabah” “Mehriban Qadın və Uşaq Sığınacağı”ndan reportajı təqdim edir:
Çöldə, qapının ağzında pişiklər üçün düzəldilmiş balaca evlər və yemək qabları diqqətimi çəkir. Elə bil bu məkan təkcə zorakılıqdan qaçıb gələn qadın və uşaqlara yox, küçədə sahibsiz qalan canlılara da qucaq açır. Bura yalnız kimsəsiz insanların deyil, sahibsiz heyvanların da qorxmadan yaxınlaşa bildiyi, ürəklə gələ bildiyi bir ünvandır.
Həyatı cəhənnəmə dönənlərə gülümsəmə çağırışı
Qapıdan içəri girəndə isə ilk gözümə dəyən yaşıl rəngli binanın üstündəki sarı hərflərlə yazılmış “İçəri daxil olarkən gülümsəyin” yazısı olur. Bəlkə də həyat buraya üz tutan insanları gülməkdən uzaq salıb, amma bu yazı elə bil hər kəsə sakitcə xatırladır ki, hər şey yenidən başlaya bilər, burada ümid hələ də yaşayır.
İçəri girəndə qabağımıza ilk çıxan balaca uşaq olur. Əlindəki kiçik, açılıb-bağlanan güzgü ilə qapının ağzında dayanıb oynayır. Danışdırmağa çalışıram, amma səssizcə üzümə baxıb heç nə demədən gülümsəyir… Sonradan öyrənirik ki, o, sığınacağın ən kiçik sakinidir. 2 yaşı var Miranın. Anası narkotik aludəçisidir, atasının kimliyi isə bilinmir. O, həyatı hələ yeni tanımalı olduğu yaşda valideyn sevgisi əvəzinə tərk edilməyin soyuğunu yaşayıb, amma balaca baxışlarında yenə də anlaya bilmədiyim bir ümid işığı var. Hələlik həyatı dərk etmir. Orada olan hər kəs onun ailəsidir. Hətta xüsusi dayəsi varmı deyə soruşduğumda, Mirana hamımız baxırıq cavabını verdilər.
Vaxtından tez böyüyənlər
Sığınacaq ümumilikdə dörd mərtəbədən ibarətdir. Birinci mərtəbədə mətbəx, yemək otağı və sinif otağı yerləşir. İçəridə hər yaşdan uşaqlar var. Ən kiçiyinin 5, ən böyüyünün isə 10 yaşı var. Amma diqqət çəkən bir məqam var ki, onların hamısı yazmağı təzə öyrənir. Sanki həyat onları vaxtından tez böyütsə də, uşaqlıqlarını yarımçıq qoyub.
İkinci mərtəbədə rəsmi görüş otaqları yerləşir. Burada sosial işçilər, psixoloqlar və qonaqlarla görüşlər keçirilir. Üçüncü mərtəbə yataq otaqlarına ayrılıb. Sakit, səliqəli və təhlükəsiz bir mühit yaradılıb.
Dördüncü mərtəbə isə tamamilə istirahət və inkişaf üçün nəzərdə tutulub. Sonuncu mərtəbədə idman alətləri, kitablar, toplar, oyuncaqlar, velosipedlər və müxtəlif əl işləri var. Otaqlardan birində tikiş maşınları yerləşdirilib. Bildirirlər ki, həmin maşınlar səfirliklər tərəfindən hədiyyə edilib və burada qalan qadınlara dərzilik öyrədilir.
Digər otaq isə rəsm otağıdır. Divarlarda uşaqların çəkdiyi rəsmlər, rəngli arzular və balaca əllərin izləri asılıb. 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə sığınacaqda onların əl işlərindən ibarət sərgi təşkil olunacaq. Həmin sərgidə uşaqların hazırladığı əl işləri satışa çıxarılacaq. Bəlkə də onlar ilk dəfə öz zəhmətlərinin dəyərini hiss edəcəklər.
Sığınacaqla bağlı suallarımızı isə “Mehriban Qadın və Uşaq Sığınacağı”nın hüquqşunası Pərviz Eyyubov cavablandırdı.
Qadın və uşaqların sonrakı taleyi...
Onun sözlərinə görə, sığınacağa bəzən qadınlar özləri müraciət edənlər, bəzən isə Sosial Xidmətlər Agentliyi tərəfindən göndərilirlər: “Təbii ki, sığınacaqda olanların əksəriyyətini dövlət orqanları göndərir”.
Buraya gələn şəxslərin ümumi olaraq 3 ay qalması nəzərdə tutulur. Lakin bu müddət uzana da bilər.
Bir qadın və uşaq sığınacağa yerləşdirildi, 3 ay qaldı, amma üzləşdiyi problem aradan qalxmadı. Bəs onun gələcək taleyi necə olur. Hüquqşünas bildirir ki, uşaqlar dövlət uşaq müəssisələrinə yerləşdirilir. Xanımlar isə iş tapdıqdan sonra könüllü olaraq buradan gedirlər:
“Elələri var ki, könüllü olaraq gediblər, lakin bir müddət sonra nəsə problem olub yenidən geri qayıdıblar”.
Hamilə qadınlar sığınacaqda dünyaya uşaq gətirib
Pərviz Eyyubov vurğulayıb ki, sığınacaqda doğulan uşaqlar da olub:
“Hamilə vəziyyətdə buraya yerləşdirilən və uşaq dünyaya gətirən xanımlar olub. Onların da içərilərində eləsi olub ki, geri qayıdıb, eləsi də olub ki, qayıtmayıb”.
Hazırda sığınacaqda təxminən 42 nəfər var. Bura maksimum 60 nəfər qəbul edə bilir. Sığınacaqda 12 nəfər işləyir.
Valideynləri sağ olsa da, 2 yaşlı Miran burada təkdir
Hüquqşünasın sözlərinə görə, sığınacağın ən balaca sakini Mirandır. Onun 2 yaşı var. Ən böyüyünün isə 18 yaşı var. Orta yaş isə 14-17 arasıdır.
“Bəzən elə olur ki, 65 yaş aralığında qadın da müraciət edir ki, qalmağa yerim yoxdur. Biz onu DOST Xidmətinə yönləndiririk. O gün bir xanım zəng vurub ki, övladım yemək yemir, dərsini oxumur, bütün günü telefonla oynayır, sözümə baxmır. İstəyirdi sığınacağ gətirsin, amma qəbul edə bilmirik”.
2 yaşlı Miran burada təkdir, baxmayaraq ki, valideynləri sağdır. Onu sığınacağa Sosial Xidmətlər Agentliyinin əməkdaşları gətirib: “Valideynləri sağdır. Anası narkotik aludəçisidir. Atası haqqında isə məlumat yoxdur”.
Tibbi xidmət
Uşaqlar və qadınlar sığınacağa daxil olduğu gün yaxınlıqdakı poliklinikalara aparılır və bütün müayinələrdən keçirilir. Eyni zamanda infeksion xəstəliklərin olub-olmadığı araşdırılır.
P.Eyyubovun sözlərinə görə, bəzi həkimlər könüllü formada buradakı insanlara tibbi yardım göstərir: “Elə həkimlər də var ki, özləri bizə müraciət edirlər, sığınacağa gəlib burada olan vətəndaşları müayinə etmək istəyirlər. Sığınacağın 2 psixoloqu, 2 hüquqşünası və bir neçə sosial işçisi də var”.
İanə və maddi yardımlar
Sığınacağın maddi xərcləri də böyükdür. Buraya pənah gətirənləri yedirtmək, içirtmək, geyimlə təmin etmək lazımdır. Hüquqşünas deyir ki, maddi məsələləri yardımlar və ianələrlə qarşılayırlar: “Qeyri-hökümət təşkilatı olaraq dövlət tərəfindən xüsusi nəzərdə tutulmuş yardım almırıq”.
Burada işləyənlərin taleyi isə layihələrdən asılıdır:
“Layihələr olduğu halda işçilər maaş alır. Olmasa, yox. Bir növ könüllü olaraq fəaliyyət göstərirlər. Bəzən elə olub ki, işçilər 8 ay maaş almayıb. Ramal Nağıyev də burada könüllü fəaliyyət göstərir. 20 yaşı var. Uşaqlara baxmağa və ümumi işlərə kömək edir”.

Kimlər daha çox müraciət edir?
P.Eyyubov deyir ki, ən çox müraciətlər region camaatı arasındadır: “Bakıdan yaşayanlardan da müraciət daxil olur, amma sayı çox deyil. Ümumilikdə, son illərdə müraciətlər xeyli azalıb. Əvvəlki illərdə şiddət görən qadınların sayı və müraciəti çox idisə, indi valideynləri tərəfindən atılan körpələrin və ata-ana ilə yola getməyən yeniyetmələrin sayı daha çoxdur”.
O qeyd edir ki, maddi imkansızlığa görə sığınacağa yerləşdirən uşaqların valideynləri ilə görüşünə heç bir məhdudiyyət qoyulmur. Bunun üçün xüsusi proqram da hazırlanıb:
“Bizim “Günərzi” adlı layihəmiz var. Yəni valideyn övladını səhər gətirib buraya qoyur. Axşam işdən çıxanda da gəlib aparır. Elə valideyn də var ki, həftədə 1 dəfə gəlib övladını görüb gedir.
Uşaqların burada qalması tamamilə pulsuzdur. Yeməkləri, oxumaqları, məktəbə aparıb-gətirmək hər biri sığınacağın öz hesabına edilir”.
Amma atılmış, valideyn himayəsindən məhrum olan uşaqlara təkcə dövlət, özəl sığınacaqlar deyil, mərhəmətli insanlar da sahib durur. Hüquqşünas bildirir ki, sığınacaqdakı uşaqları övladlığa götürmək istəyənlər də var:
“Lakin onu DOST Xidməti həyata keçirir. Onlar araşdırır, müraciətlərə baxır, ondan sonra qərara verilir. Biz bu məsələlərə baxmırıq”.
Bir müddət əvvəl “Qurtuluş” Reablitasiya Mərkəzində böyük qalmaqal yaşandı, rəhbərinə cinayət işi açıldı, həbs olundu. Bundan əvvəl də belə mərkəzlər və sığınacaqlarla bağlı müxtəlif qalmaqallar baş verib. Bəs “Mehriban Qadın və Uşaq Sığınacağı”nda durum necədir? Dövlət qurumları burada da yoxlamalar aparırmı?
“Bəli, bizdə də oldu. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi tərəfindən monitoriqlər keçirildi. Problem aşkarlanmadı”, - sığınacağın rəsmisi əlavə edir.
Heç bir uşaq sığınacaqların ünvanını bilməməlidir
Bura talelərin yenidən yazıldığı, qorxunun yerini yavaş-yavaş ümidə verdiyi bir məkandır. Burada qadınlar həyata tutunmağı, uşaqlar isə yenidən uşaq olmağı öyrənir.
Qapının üstündə yazılan “İçəri daxil olarkən gülümsəyin” cümləsi isə artıq mənə daha aydın görünür. Çünki bu divarlar arasında hər nə qədər acı hekayələr gizlənsə də, hər mərtəbədə həyata yenidən başlamaq üçün kiçik də olsa bir səbəb var.
Lakin düşünürəm ki, heç bir uşaq sığınacaqların ünvanını bilməməlidir. Onların bilməli olduğu yeganə ünvan sevgi dolu evlər olmalıdır.
Aydan Hacı
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.