RU

“Tullantıdan sənətə” – Burada sərgilənən eksponatlar lazımsız əşyalardan hazırlanıb

Bakı, 17 aprel, AZƏRTAC

“Tullantıdan sənətə” muzeyində eksponatlar davamlı olaraq yenilənir.

Bu barədə AZƏRTAC-a məxsusi müsahibəsində muzeyin bələdçisi Nüşabə Hüseynova məlumat verib.

O bildirib ki, xarici və yerli ziyarətçilər lazımsız hesab edilən plastik və digər əşyalardan hazırlanan sənət nümunələrini maraqla qarşılayırlar. Sərgilənən nümunələr ziyarətçilərə tullantılara sənət vasitəsilə “ikinci həyat” verildiyini əyani şəkildə göstərir. Əsas məqsəd isə ətraf mühitin qorunmasını və tullantıların faydalı təkrar istifadəsini aşılamaqdır.

Nüşabə Hüseynova, həmçinin vurğulayıb ki, muzeydə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşəbbüsü ilə həyata keçirilən “Card to Art” layihəsi davam etdirilir. Bu çərçivədə xüsusi qutularda toplanan plastik kartlar yaradıcı şəxslər tərəfindən müxtəlif sənət nümunələrinə çevrilir və bununla təkrar emalın əhəmiyyəti nümayiş olunur. Layihənin əsas məqsədi istifadə müddəti başa çatmış yararsız plastik kartların təbiətə atılmasının qarşısını almaq və ətraf mühiti qorumaqdır.

Bələdçi xatırladıb ki, 2009-cu ildə “Təmiz Şəhər” ASC-nin fəaliyyətə başlaması ilə Bakıda tullantıların idarəolunması üçün Balaxanıda sistemli infrastruktur yaradılıb. 2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Tullantıdan sənətə” layihəsi çərçivəsində beynəlxalq sərgilərin keçirilməsinə başlanılıb. Məqsəd insanların tullantılara münasibətini dəyişmək olub. Eyni zamanda, Qala qəsəbəsində “Təmiz Qala” layihəsi ilə tullantıların ilk dəfə çeşidlənərək toplanması və daşınması həyata keçirilib. 2015-ci ildə isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində “Tullantıdan sənətə” muzeyi yaradılıb. Muzeyin eksponatlarının əsas hissəsini 2012-ci ildən ölkəmizdə keçirilən beynəlxalq “Tullantıdan sənətə” sərgisi çərçivəsində yaradılan nümunələr təşkil edir. Bu çərçivədə sonuncu sərgi 2024-cü ildə "Sülh üçün yarat" devizi altında keçirilib və orada dünyanın 46 ölkəsindən 200-dən çox yaradıcı şəxs iştirak edib. Ekspozisiyanın əsasını yerli və xarici sənətkarların təkrar emal vasitəsilə yaratdıqları əl işləri təşkil edir və həmin eksponatlar plastik, metal, kağız və digər məişət tullantılarından hazırlanıb.

Müxbirlər: Göyçək Mahmudlu, Alvina Həsənova, Nəzrin Qurbanova, Nərgiz Abbaszadə

Избранный
9
1
azertag.az

2Источники