RU

İrəvanda milli kimliyin təhsil möhürü Dilqəm Əhməd yazır

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dilqəm ƏHMƏD

Şəxsi arxivimdə 1935-ci ilin 25 fevralında Mustafayev Teyyub adlı bir irəvanlıya verilmiş İrəvan Türk Kənd Təsərrüfatı Texnikumuna aid tələbə vəsiqəsi mövcuddur. Rəngləri solmuş bu vəsiqə bir tərəfdən İrəvandakı türk kimliyinin yadigarıdır, digər tərəfdən oradakı ziyalı mühitimizin, təhsil keçmişimizin göstəricisidir. Həmişə bu vəsiqəyə baxanda XIX-XX əsrdə İrəvandakı təhsil tariximizin kompleks şəkildə yazılmasının vacib olduğunu düşünür, milli kimliyimizin, oradakı keçmiş və gələcəkdəki varlığımızın təsbiti üçün geniş tədqiqatların aparılmasını vacib hesab edirdim. Nəhayət, ötənlərdə bu arzumun gerçəkləşdiyini gördüm və sürətli şəkildə bu kitabı əldə edib oxumağa çalışdım. Söhbət Qərbi Azərbaycanın təhsil tarixinin ən qiymətli araşdırıcısı olan Cəlal Allahverdiyevin "İrəvanda Azərbaycan təhsil tarixi" adlı yeni əsərindən gedir.

Məscid məktəblərinin fəaliyyəti

Filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin 536 səhifəlik fundamental monoqrafiyası Azərbaycanın etnomədəni coğrafiyasının ayrılmaz tərkib hissəsi olan İrəvan mahalının zəngin maarifçilik irsini elmi sistemə salıb, tarixin müxtəlif dövrlərində məqsədli şəkildə təhrif olunmuş, saxtalaşdırılmış faktları arxiv sənədləri əsasında bərpa edərək İrəvanın ümumtürk mədəni sistemindəki strateji yerini elmi dövriyyəyə təqdim edib. Müəllif İrəvanda təhsilin köklərini xalq pedaqogikasına, zəngin şifahi xalq ədəbiyyatına bağlayıb, bölgədə intellektual mühitin formalaşmasını hələ XVII əsrdən başlayaraq izləyib. Alman səyyahı Adam Olearinin "Şirvanda, Azərbaycanda, İraqda, Bağdadda və İrəvanda uşaqlar türk dilində təhsil alırdılar" faktını istinad gətirərək bölgənin qədim maarif dili barədə qəti qənaət formalaşdırıb. Müəllif İrəvanda təhsil sisteminin əsasını təşkil edən mollaxana və mədrəsələrin fəaliyyətini sistemləşdirib, xüsusilə Cümə məscidi (Göy məscid) nəzdindəki mədrəsəni Cənubi Qafqazın ali dini-dünyəvi təhsil mərkəzi kimi qiymətləndirib.

Əsərdə çar Rusiyasında işıq üzü görən nəşrlərə, eləcə də arxiv qaynaqlarına əsaslanaraq İrəvanda Şərq üsulu təhsil sistemi olduqca detallı izah edilib. Məsələn, müəllif Şopenə istinad edərək yazır ki, Hüseynəli xan məscidinin nəzdində fəaliyyət göstərən mədrəsədə təhsil alan şagirdlərin sayı 200 nəfər idi və o dövr üçün bu rəqəm heç də kiçik sayılmamalıdır. 1871-ci ilə aid mənbələrdəki məlumatlara görə isə İrəvan şəhərində məscid məktəblərinin sayı artaraq 11-ə çatıb. Həmin tədris müəssisələrində təhsil alan azərbaycanlı uşaqların sayı isə artaraq 325 nəfər olub. İrəvan Statistika Komitəsinin 1863-cü il üzrə hesabatında İrəvan şəhərində 13 məscid məktəbinin fəaliyyət göstərdiyi müəllif tərəfindən qeyd olunub.

Cəlal Allahverdiyev kitabında o dövrdə şəxsi təşəbbüslə açılan məktəblər haqqında da məlumat verib. Belə ki, bu illərdə Mirzə Cabbar Məmmədzadə, Mirzə Rza, Mirzə Qafar Məmmədzadə, Mirzə Məmmədvəli Qəmərlinski, Mirzə Məhəmməd Axundov, Mirzə Əli Məhəmməd Xəlilov və başqalarının təşəbbüsü ilə İrəvan bölgəsində 30 ibtidai məktəbin açıldığı kitabda göstərilib.

Yeniləşmə dövrü, rus-türk məktəbləri

Rusiyanın İrəvan Xanlığını işğalından sonra bölgə öncə vilayətə, sonra quberniyaya çevrildi. Bundan sonra çar Rusiyasında həyata keçirilən təhsil siyasəti İrəvan bölgəsinə də şamil edilməyə başlandı. Müəllif arxiv qaynaqlarına istinad edərək çar Rusiyası dövründəki məktəblərin fəaliyyətini detallı şəkildə sistemləşdirə bilib. Onun yazdığına görə, 29 mart 1898-ci ildə İrəvanın bir qrup maarifpərvər ziyalısı Cümə məscidinə toplaşaraq Abbasqulu xan İrəvanskinin sədrliyi ilə tarixi yığıncaq keçirib. 104 nəfərin iştirak etdiyi bu toplantıda yeni tipli məktəbin xərclərini ödəmək üçün 14 nəfərdən ibarət komissiya seçilib. Maddi bazanın formalaşmasında görkəmli şəxsiyyətlər yaxından iştirak edib: Abbasqulu xan İrəvanski və Pənah xan Makinski hər il 50 manat; Eynəli bəy Sultanov və digər ziyalılar isə müxtəlif məbləğlərdə ianələr ayırıb. Gərgin mübarizə və maddi dəstək nəticəsində 1898-ci ilin sentyabrında Qafqaz Tədris Dairəsinin rəsmi icazəsi ilə İrəvan ikisinifli rus-tatar (türk) məktəbi fəaliyyətə başlayıb. Məktəbin fəxri nəzarətçisi vəzifəsini 1898-ci ildən 1913-cü ilə qədər Abbasqulu xan İrəvanski icra edib. Məktəbin faktiki idarəçiliyi və tədrisin təşkili isə görkəmli pedaqoq Həşim bəy Nərimanbəyova həvalə edilib. Həşim bəy 20 ilə yaxın bu təhsil ocağına rəhbərlik edib, məktəbi quberniyanın ən nümunəvi ocaqlarından birinə çevirib. El arasında bu müəssisə məhz "Həşim bəy məktəbi" kimi şöhrət qazanıb. Məktəbdə dövrünün ən seçilən ziyalıları dərs deyib: Həsən bəy Qazıyev rus dilini; Mustafa Rəcəbov və Məmmədvəli Qəmərlinski Azərbaycan dilini; Axund Mirzə Abdulla bəy Qazıyev, Mirzə Qafar Məmmədov və Əli bəy Abbasov şəriət fənnini tədris edib. Bundan başqa, Həmid bəy Şahtaxtinski və Nəriman bəy Nərimanbəyov kimi şəxsiyyətlər də müəllim heyətinə cəlb olunub.

İrəvan rus-türk məktəbi dünyəvi fənlərin tədris olunduğu yeni üsullu müəssisə kimi xalqın və dövrün tələblərinə cavab verib. Tədris proqramında ana dili və din dərsləri ilə yanaşı, rus dili, tarix, coğrafiya, hesab və təbiətşünaslıq fənlərinə geniş yer ayrılıb. 1911-ci ildə Tiflisdə nəşr edilən üçcildlik "Ana dili" dərsliyinin hazırlanmasında bu məktəbin müəllimləri - H.Nərimanbəyov, M.Qəmərlinski və H.Şahtaxtinski müəllif qismində iştirak edib. Məktəb açılarkən şagird sayı 70 nəfər nəzərdə tutulsa da, qısa müddətdə bu rəqəm 110-a yüksəlib.

1914-cü ildə İrəvanda cəmi 28 rus-tatar məktəbi fəaliyyət göstərib ki, burada 905 şagird təhsil alıb. Məktəbin daimi maliyyə təminatı İrəvanın azərbaycanlı əhalisinin fədakarlığına söykənib. Axund Məhəmmədbağır Qazızadənin təşəbbüsü ilə 1900-cü ildən etibarən Cümə məscidinin gəlirlərindən (Vəqf əmlakından) məktəbə vəsait ayrılıb. 1907-ci ildə Abbasqulu xan İrəvanskinin səyi ilə məktəb binası tikmək üçün məscid mülkiyyətindən (Təpəbaşı məhəlləsində yerləşən "Tutluq" adlı sahədən) 90 il müddətinə torpaq sahəsi icarəyə götürülüb.

Müəllifin əldə etdiyi bu faktlar bir daha irəvanlı ziyalıların milli kimliyimizə olan münasibətini açıq şəkildə göstərir.

Cənubi Qafqazın Rusiya tərəfindən işğalından sonra çarizmin maraqlarına xidmət edəcək məmurlar hazırlamaq zərurəti bölgədə rusdilli məktəblərin açılmasını da şərtləndirib. Bu məqsədlə 1829-cu il nizamnaməsinə uyğun olaraq 14 yanvar 1832-ci ildə İrəvanda ilk dünyəvi dövlət məktəbi olan İrəvan qəza məktəbi təsis edilib. Müəllif qeyd edir ki, bu təhsil ocağı fəaliyyətinin ilk illərində ciddi çətinliklərlə, xüsusilə bina və kadr çatışmazlığı ilə üzləşib. Lakin bütün maneələrə baxmayaraq, məktəb İrəvanda Azərbaycan maarifinin inkişafında mühüm rol oynayıb. 1836-cı ildə məktəb nəzdində Azərbaycan şöbəsinin yaradılması xalqımızın təhsil tarixində əlamətdar hadisə olub. Məktəbin ilk azərbaycanlı müəllimi olan Mirzə Tağı Məhəmməd oğlu 1836-1856-cı illərdə burada Azərbaycan dili və şəriət fənlərini tədris edib, azərbaycanlı balalarının elmə cəlb olunmasında fədakarlıq göstərib. Ondan sonra bu missiyanı Mirzə Ələkbər Elxanov davam etdirib. Elxanovun pedaqoji xidmətlərini yüksək qiymətləndirən müəllif onu "Qərbi Azərbaycanda rəsmi müəllimlik adını alan ilk azərbaycanlı" kimi səciyyələndirib. Məktəbin kitabxana fondu da illər üzrə zənginləşib: əgər 1836-cı ildə burada cəmi 32 nüsxə kitab var idisə, 1868-ci ildə bu rəqəm 1244-ə çatıb. Bu fakt, məktəbin təkcə tədris ocağı deyil, həm də şəhərin intellektual mərkəzi olduğunu sübut edib.

XIX əsrin 60-cı illərində Rusiyada aparılan məktəb islahatları İrəvan qəza məktəbinin bazasında yeni tipli təhsil müəssisəsinin yaradılmasını zəruri edib. 1 sentyabr 1868-ci ildə İrəvan qəza məktəbi İrəvan progimnaziyasına çevrilib və burada tədris kursu daha da genişləndirilib. Müəllif arxiv sənədlərinə istinad edərək bildirir ki, progimnaziyada rus dili ilə yanaşı, Azərbaycan dili, latın dili, riyaziyyat, coğrafiya və tarix fənləri tədris olunub. Lakin çarizmin ruslaşdırma siyasəti burada özünü qabarıq göstərib; məktəbdə rus dilində danışmayan şagirdlərə qarşı sərt cəza tədbirləri görülüb. Nəzarətçi İvan Vinoqradovun 1878-ci il hesabatındakı "burada məqsəd təkcə şagirdləri oxutmaq deyil, həm də şagirdlər vasitəsilə rus prinsiplərini ictimai həyata gətirməkdir" fikri bu müstəmləkə siyasətini çılpaqlığı ilə ifşa edib. Buna baxmayaraq, azərbaycanlılar övladlarını bu məktəbə göndərməyə səy göstəriblər. 1880-ci ildə progimnaziyada 28 nəfər azərbaycanlı gənc təhsil alıb. Məzunlar arasında sonralar ictimai-mədəni həyatda tanınan Kərim bəy Münşiyev, İbrahim bəy Münşiyev, Cəfər xan Makinski kimi şəxsiyyətlər yetişib.

İrəvanın təhsil salnaməsində ən yüksək mərhələni İrəvan oğlanlar gimnaziyası təşkil edib. 31 mart 1881-ci ildə progimnaziyanın bazasında yaradılan bu müəssisə bölgənin ən nüfuzlu təhsil ocağına çevrilib. Gimnaziyada təbiət elmləri, klassik dillər (latın, yunan) və xarici dillərlə yanaşı, Azərbaycan dili dərslərinə də xüsusi yer ayrılıb. Müəllif gimnaziyanın Azərbaycan şöbəsinin fəaliyyətini pozitiv məqam kimi vurğulayıb və qeyd edib ki, burada hətta rus şagirdləri də Azərbaycan dilini böyük həvəslə öyrənib, bu dildə şeirlər söyləyib. Görkəmli mütəfəkkir Firudin bəy Köçərlinin 1885-1895-ci illərdə burada çalışması gimnaziyanın elmi-mədəni səviyyəsini xeyli yüksəldib. Köçərli ilə yanaşı, Axund Məhəmmədbağır Qazızadə, İsmayıl bəy Şəfibəyov və Mirzə Əbdülsəttar Kazımov kimi pedaqoqlar gənc nəslin milli ruhda yetişməsində böyük əmək sərf edib. Gimnaziyanın məzunları Azərbaycan elmi və dövlətçiliyi üçün silinməz izlər qoyublar. Görkəmli dövlət xadimi Əziz Əliyev 1917-ci ildə gimnaziyanı qızıl medalla bitirən ilk azərbaycanlı olub. Akademik Mustafa bəy Topçubaşov, Əhməd Rəcəbli, Maqsud Məmmədov kimi nəhənglər məhz bu məktəbin yetirmələridir. Müəllif haqlı olaraq vurğulayıb ki, gimnaziyanın fəaliyyət göstərdiyi 36 il ərzində 228 nəfər azərbaycanlı buranı müvəffəqiyyətlə bitirib.

İrəvan Müəllimlər Seminariyası

Kitabda Cənubi Qafqazda maarifçilik hərəkatının institusionallaşması prosesi, xüsusilə İrəvan Müəllimlər Seminariyasının fəaliyyəti müstəvidə geniş tədqiqata cəlb edilib. Müəllif Rusiya Dövlət Şurasının 20 oktyabr 1880-ci il tarixli qərarı ilə təsis edilən bu təhsil ocağının bölgədə dünyəvi fənlərin tədrisi üçün peşəkar müəllim kadrları yetişdirən ilk strateji mərkəz olduğunu sənədlərlə əsaslandırıb. Əsərdə seminariyanın yaradılması zərurəti, bölgədə sürətlə artan rus-türk məktəblərinin ixtisaslı kadrlarla təmin olunması tələbatı ilə əlaqələndirilib. İrəvan Müəllimlər Seminariyası 8 noyabr 1881-ci ildə rəsmi olaraq fəaliyyətə başlayaraq Cənubi Qafqazın intellektual xəritəsində mühüm yer tutub. Müəllif arxiv sənədlərinə istinad edib, seminariyanın ilk büdcəsinin 1882-ci il üçün 28 350 rubl nəzərdə tutulduğunu və bu vəsaitin çar hökuməti tərəfindən məqsədli şəkildə ayrıldığını qeyd edib. Tədqiqatda seminariyanın ilk pedaqoji heyətinin tərkibi detalları ilə verilib; bura direktor Yakob Şuşevski, Azərbaycan dili müəllimi Axund Məhəmmədbağır Qazızadə, rus dili müəllimləri Karamosko və Tamamşev kimi tanınmış mütəxəssislər cəlb olunub. Müəllif vurğulayıb ki, İrəvan əhalisinin 75 faizini azərbaycanlıların təşkil etməsi seminariyada milli şöbənin açılmasını tarixi zərurətə çevirib. Şöbənin rəhbəri və ilahiyyat müəllimi olan Axund Məhəmmədbağır Qazızadə tərəfindən hazırlanan proqram əsasında şagirdlərə İslamın mahiyyəti, dualar və peyğəmbərlər tarixi müfəssəl şəkildə öyrədilib. Seminariyanın tədris proqramı dövrün ən qabaqcıl pedaqogika nəzəriyyələrinə əsaslanaraq hazırlanıb. Müəllif qeyd edib ki, proqrama pedaqogika, rus dili, riyaziyyat, tarix, təbiətşünaslıq və coğrafiya ilə yanaşı, bağçılıq, xarratlıq və arıçılıq kimi praktiki peşə dərsləri də daxil edilib. Maddi baza məsələsinə toxunarkən, seminariyanın 1905-ci ildə İrəvanın Daşlı küçəsindəki ikimərtəbəli, sonradan isə xəzinə hesabına üçüncü mərtəbəsi inşa edilən müasir binaya köçürülməsi faktı xüsusi vurğulanıb. Həmçinin, seminariya nəzdində 1883-cü ildə təşkil olunmuş ibtidai təcrübə məktəbində azərbaycanlı tələbələrin pedaqoji vərdişlərə yiyələnməsi işi elmi şəkildə təsvir edilib.

Əsərdə seminariyanın tarixindəki mürəkkəb dövrlər, xüsusən direktor Mixail Miropiyevin antitürk siyasəti arxiv materialları ilə ifşa edilib. Miropiyevin azərbaycanlı gəncləri "qaşı qaradır" bəhanəsi ilə seminariyaya qəbul etməməsi və onlara qarşı dini-milli ayrı-seçkilik etməsi böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin kəskin tənqidlərinə səbəb olub. Lakin buna baxmayaraq, müəllif qeyd edib ki, Axund Məhəmmədbağır Qazızadə kimi fədailər çarizmin ruslaşdırma siyasətinə qarşı prinsipial mübarizə apararaq azərbaycanlı tələbələrin sayının artırılmasına nail olublar. İrəvan Müəllimlər Seminariyası fəaliyyət göstərdiyi 37 il ərzində Azərbaycan maarifinin intellektual sütunlarını hazırlayıb. Müəllif statistik rəqəmlərlə sübut edib ki, seminariyanın 34 buraxılışı olmuş və Azərbaycan məktəbləri üçün 200-dən artıq ixtisaslı xalq müəllimi yetişdirilib. Kitabdan gətirilən faktlar göstərir ki, seminariyanın məzunları - Həmid bəy Şahtaxtinski, Rəşid bəy İsmayılov, Həbib bəy Səlimov, İbrahim Səfi və başqaları Azərbaycanın ictimai-siyasi və elmi həyatında həlledici rol oynayıblar

Qadın təhsili və maarifçi xanımların fədakarlığı

Kitabın ən mühüm elmi yeniliklərindən biri kimi Cənubi Qafqazda ilk azərbaycanlı qız məktəbinin 1862-ci ildə məhz Uluxanlıda açıldığının faktlarla sübut edilməsidir. 1850-ci ildə açılan "Müqəddəs Ripsimi" qız məktəbində azərbaycanlı qızların təhsil almasını, Seyid Molla Mirmehdinin burada ilk dəfə Azərbaycan dili və şəriət dərsi keçməsini tariximizin işıqlı səhifəsi kimi təqdim edib. Müəllifə görə, İrəvan "Müqəddəs Ripsimi" məktəbi 1850-ci ildə ilk dəfə 7 nəfər heyətlə və 19 şagirdlə fəaliyyətə başlayıb, təhsil alan şagirdlərdən milli mənsubiyyətinə görə 3 nəfəri azərbaycanlı olub. Lakin sonrakı illərdə azərbaycanlı qızların bu məktəbə marağı artıb. Təsadüfi deyil ki, 1855-ci ildə təhsil alan 27 nəfərdən 6, 1856-cı ildə isə 35 nəfərdən 8, 1857-ci ildə isə 35 nəfərdən 7 azərbaycanlı qız bu məktəbdə təhsil alıb.

Müəllif 1901-ci ildə Məmmədqulu bəy Kəngərli tərəfindən öz vəsaiti hesabına açılan leyli (yatılı) müsəlman qız məktəbinin fəaliyyətini və buranın pulsuz olmasını pozitiv məqam kimi vurğulayıb. Sovet dövründə 1923-cü ildə yaradılan İrəvan Azərbaycanlı Qadınlar Klubunun müdiri Bülbül Kazımovanın və Fatma Əfəndiyevanın qadın azadlığı yolundakı mübarizəsini minlərlə qadının çadrasını ataraq savadlanmasını milli intibahın nəticəsi kimi şərh edib.

Dərslik yaradıcılığı prosesi

Monoqrafiyanın ən mühüm bölmələrindən biri İrəvanda ilk dünyəvi dərslik müəllifi olan Mirzə Ələkbər Elxanovun fəaliyyətinə həsr olunub. Müəllif qeyd edib ki, XIX əsrin 80-ci illərində Elxanov tərəfindən səs üsulu ilə hazırlanan "Vətən dili" dərsliyinin əlyazması Rusiya Xalq Maarif Nazirliyi tərəfindən yüksək qiymətləndirilib və onun çapı tövsiyə edilib. Cəlal Allahverdiyev bu faktı Azərbaycan təhsil tarixində mühüm elmi yenilik kimi qiymətləndirib, Elxanovun 130 mətndən ibarət dərsliyinin "sadədən mürəkkəbə" prinsipi üzrə qurulduğunu sənədlərlə əsaslandırıb. Müəllif haqlı olaraq vurğulayıb ki: "Otuz illik pedaqoji iş təcrübəsi əsasında yaranmış bu kitab öz dəyərinə görə çox qiymətli olmuşdur".

Kitabda irəvanlı maarifçilərin 1906-cı ildə Bakıda keçirilən müəllimlər qurultayından sonra dərslik yaradıcılığı sahəsindəki fəaliyyəti sistemli şəkildə təsvir edilib. Müəllif qeyd edib ki, irəvanlı müəllimlər - Məmmədvəli Qəmərlinski, Haşım bəy Nərimanbəyov, Həmid bəy Şahtaxtinski, Mustafa Rəcəbov və başqaları kollektiv şəkildə üçcildlik "Ana dili" dərsliklərini nəşr etdirərək bütün Cənubi Qafqazda şöhrət qazanıb. 1907, 1908 və 1911-ci illərdə Tiflisdə çap olunan bu kitablar milli maarifçiliyin intellektual bazasını formalaşdırıb. Müəllif bu dərsliklərin həm də ədəbi dilimizin inkişafındakı rolunu xüsusi pozitiv məqam kimi ön plana çəkib.

Cəlal Allahverdiyev İrəvanın tanınmış maarifçi nəsillərinin, xüsusən Məmmədzadələrin dərslik yaradıcılığındakı xidmətlərini geniş təhlil edib. El arasında "Fars Abbas" kimi tanınan Mirzə Abbas Məmmədzadənin 1913-cü ildə İrəvanda nəşr olunan "Bədrağatül-Ətfal" (Balalara hədiyyə) və ruslar üçün hazırladığı fars dili dərsliklərinin metodik mükəmməlliyi kitabda xüsusi qeyd olunub. Müəllif onun oğlu Mirzə Cabbar Məmmədzadənin də bu missiyanı davam etdirdiyini, ruslar üçün hazırladığı Azərbaycan dili dərsliyinin 13 dəfə nəşr olunduğunu və onun "Azərbaycan tədris metodikası tarixi" adlı fundamental əsərinə görə professor adını aldığını qürurla qeyd edib.

Tədqiqat əsərində dərslik yaradıcılığının təkcə dünyəvi deyil, həm də dini-etik istiqamətdə inkişaf etdirildiyi göstərilib. Axund Əbdülhəsən Qazızadənin İrəvanda "Kultura" mətbəəsində çap olunan dördcildlik "Durusi-şəriət" dərsliyi şagirdlərin milli-mənəvi dəyərlər ruhunda yetişməsində mühüm rol oynayıb. Həmçinin, Mirzə Hüseyn Həsənzadə İrəvaninin 1912-ci ildə nəşr etdirdiyi "Tamam əlifba" dərsliyi əlifba islahatı baxımından inqilabi addım kimi qiymətləndirilib. Müəllif Həsənzadənin dərslikdəki bu sözlərini sitat gətirib: "Bu kitabı mütaliə edən əşxasdan rica edirəm... məhz dala qalmış millətimizin qabağa getmək yolunu nəzərə alıb, mənim də zəhmətimi bu yolda kömək edərmi, ya etməzmi məsələsi ilə məşğul olsunlar".

Monoqrafiyada 1920-1930-cu illərdə İrəvanda yeni pedaqoji sistemin qurulması fonunda dərslik yaradıcılığının davam etdirilməsi məsələləri də öz əksini tapıb. Mehdi Kazımovun 1932-ci ildə nəşr olunan "Bizim yol" dərsliyi və Qasım Fərəcovun 1940-cı illərdə hazırladığı dil-ədəbiyyat üzrə metodik vəsaitləri bu sahədəki kəsilməz varisliyin sübutu kimi təqdim olunub. Müəllif vurğulayıb ki, bu vəsaitlər ən ağır müharibə illərində belə azərbaycanlı balalarının təhsildən geri qalmaması üçün mənəvi mayak rolunu oynayıb.

Sovet dövründə İrəvanda təhsil

1920-ci il noyabrın 29-da Qərbi Azərbaycanda sovet hakimiyyətinin bərqərar olması ilə təhsil sistemində köklü dəyişikliklər başlanıb, bolşevik rejimi köhnə təhsil modelindən imtina edərək "Vahid əmək məktəbi" konsepsiyasını tətbiq edib. Ermənistan İnqilab Komitəsinin 1920-ci il 6 dekabr tarixli dekreti ilə bütün məktəblər dövlət ixtiyarına keçib, hər bir xalqa öz ana dilində pulsuz təhsil almaq hüququ verilib. 1921-ci ilin aprelində Ermənistan Xalq Maarif Komissarlığının sərəncamı ilə Azərbaycan dilli məktəblərin yeni məzmunda təşkili prosesi sürətlənib, birillik və ikiillik köhnə məktəblər ləğv edilərək müasir ibtidai, yeddiillik və tam orta məktəblər şəbəkəsi yaradılıb. Bu dövrdə milli məktəblərin sayında sürətli artım müşahidə olunub; belə ki, 1922-ci ildə cəmi 36 azərbaycanlı məktəbi fəaliyyət göstərdiyi halda, 1931-ci ildə bu rəqəm 245-ə çatdırılıb. İrəvan şəhərində bu dövrün ən nüfuzlu təhsil ocaqları kimi Mirzə Fətəli Axundov adına tam orta məktəb, "Əzizbəyov" adına 8 illik məktəb, habelə Azərbaycan bölmələri olan "Asrıyev", "Şaumyan" və "Dzerjinski" adına beynəlmiləl məktəblər fəaliyyət göstərib. Xüsusilə M.F.Axundov adına məktəb yüksək tədris keyfiyyəti və zəngin maddi-texniki bazası ilə fərqlənib, burada müasir laboratoriyalar və istehsalat təlimi emalatxanaları təşkil edilib. Lakin bu inkişaf prosesi rəvan keçməyib; azərbaycanlı məktəbləri daimi dərslik və proqram çatışmazlığı ilə üzləşib, Azərbaycan Maarif Nazirliyi mütəmadi olaraq bu ehtiyacları ödəmək üçün Bakıdan vəsaitlər göndərib.

Müəllifin yazdığına görə, Qərbi Azərbaycanda peşəkar kadr potensialının yaradılmasında iki əsas müəssisə mərkəzi rol oynayıb: İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi (Texnikumu): 1924-cü ildə İrəvan Müəllimlər Seminariyasının xələfi kimi təsis edilib, 1925-ci ildən Nəriman Nərimanovun adını daşıyıb. Bu ocaq 24 illik fəaliyyəti dövründə 1370 nəfər ixtisaslı müəllim hazırlayıb. Akademik Yusif Məmmədəliyev kimi nəhəng simalar məhz burada pedaqoji fəaliyyətə başlayıb.

İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumu: 1928-ci ildə Kənd Təsərrüfatı Texnikumunun nəzdində şöbə kimi yaradılıb, 1933-cü ildə müstəqil təhsil müəssisəsinə çevrilib. Texnikum aqrotexnik, zootexnik və mexanizator kadrların yetişdirilməsində flaqman rolunu üstlənib, akademik Məmmədtağı Cəfərov və akademik Məmməd Salmanov kimi alimlər bu məktəbin yetirmələri olub.

Sovet dövründə ali təhsilli ziyalı təbəqəsinin formalaşdırılması bir neçə mərhələdə həyata keçirilib:

İşçi fakültəsi (Rabfak): 1925-ci ildə İrəvan Dövlət Universitetinin nəzdində Türk İşçi fakültəsi yaradılıb, bu qurum fəhlə-kəndli gənclərin ali məktəbə hazırlanması missiyasını yerinə yetirib.

İrəvan Dövlət Qiyabi Pedaqoji İnstitutu (Azərbaycan şöbəsi): 1936-cı ildə təşkil edilib, bölgədəki orta təhsilli müəllimlərin ali ixtisas dərəcəsi almasında əvəzsiz rol oynayıb.

İrəvan Dövlət Pedaqoji İnstitutu (Azərbaycan şöbəsi): 1945-ci ildə rəsmi olaraq bərpa edilib, dil-ədəbiyyat, tarix, coğrafiya və fizika-riyaziyyat fakültələri üzrə ali təhsilli mütəxəssislər hazırlayıb. 1948-ci il deportasiyası zamanı fəaliyyəti dayandırılsa da, 1954-cü ildə yenidən bərpa olunub və 1989-cu ilə qədər fəaliyyət göstərib.

Müəllif bildirib ki, azərbaycanlıların təhsil irsi mütəmadi olaraq erməni şovinizminin təzyiqlərinə məruz qalıb; 1928-1937-ci illərdə yüzlərlə müəllim və tələbə "millətçi", "bəy" və "qolçomaq" damğası ilə repressiya edilib. 1948-1953-cü illər deportasiyası zamanı İrəvandakı bütün Azərbaycan dilli orta ixtisas və ali təhsil müəssisələri Azərbaycanın Xanlar (indiki Göygöl) rayonuna və Bakıya köçürülüb. 1988-1989-cu illərin son deportasiyası isə bu zəngin təhsil salnaməsinə son qoyub, 200 mindən artıq dərslik və kitab erməni vandalları tərəfindən yandırılıb.

Kitabın əhəmiyyəti

Yekun olaraq bildirək ki, filologiya üzrə fəlsəfə doktoru Cəlal Allahverdiyevin 536 səhifəlik bu nəhəng əməyi uzun onilliklər boyu ideoloji qadağalar və qərəzli təhriflər nəticəsində kölgədə qalmış Qərbi Azərbaycan maarifçilik mühitini ilk dəfə sistemli şəkildə elmi dövriyyəyə daxil edib. Müəllif İrəvanın ümumtürk mədəni sisteminin ayrılmaz parçası olduğunu arxiv sənədləri ilə sübuta yetirib, bölgənin təhsil tarixini XVII əsrin məscid məktəblərindən başlayaraq XX əsrin sonundakı faciəli deportasiya mərhələsinədək ardıcıllıqla izləyib.

Tədqiqat göstərir ki, İrəvanda Azərbaycan təhsili təkcə dini xarakter daşımayıb, həm də dünyəvi elmlərin tədrisi sahəsində Cənubi Qafqazda öncül mövqe tutub. İrəvan Müəllimlər Seminariyası, İrəvan Oğlanlar Gimnaziyası və İrəvan Rus-türk məktəbi kimi ocaqlar millətin intellektual elitasını yetişdirib, Azərbaycanın dövlətçilik və elm tarixində həlledici rol oynamış Mustafa bəy Topçubaşov və Əziz Əliyev kimi nəhəng şəxsiyyətləri cəmiyyətə bəxş edib.

Nəticə olaraq vurğulamaq lazımdır ki, monoqrafiya hər bir azərbaycanlı üçün milli qürur mənbəyi və itirilmiş torpaqlarımızın mənəvi pasportu kimi müstəsna əhəmiyyət daşıyıb, Azərbaycan təhsil tarixinə verilmiş ən sanballı töhfədir.

Ümid edirik ki, Qərbi Azərbaycanın təhsil tarixini davamlı şəkildə araşdıran, bu səpkidə bir neçə kitab ərsəyə gətirən Cəlal Allahverdiyevin bu əsəri də geniş rəğbət qazanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
525.az

1Источники