RU

Alman nəhəngi geriləyir: Bosch 17 ildən sonra ilk dəfə ili zərərlə başa vurdu

ain.az, Banco.az portalına istinadən məlumat yayır.

Müəllif:Mehin Qasımova,Banco.az

Dünyanın ən böyük avtomobil komponentləri tədarükçülərindən biri olan "Bosch" ötən ili xalis zərərlə başa vurub.

Banco.az xəbər verir ki, bu barədə Almaniyanın Bild qəzeti şirkətin maliyyə hesabatına istinadən məlumat yayıb.

Şirkətin baş maliyyə direktoru Markus Forschner bildirib ki, “Bosch”un xalis zərəri 400 milyon avro təşkil edib. Bu, şirkətin 2009-cu il qlobal maliyyə böhranından sonra ilk dəfə zərər açıqlaması kimi qiymətləndirilir.

Qeyd edək ki, 2024-cü ildə “Bosch”un xalis mənfəəti əvvəlki illə müqayisədə iki dəfə azalsa da, təxminən 1,3 milyard avro səviyyəsində müsbət qalıb. Lakin son nəticələrə əsas təsir edən amil kadr restrukturizasiyası olub. Bu proses şirkətə 2,7 milyard avroya başa gəlib.

2025-ci ildə isə şirkətin fəaliyyətinə bir neçə mənfi faktor təsir göstərib. Bunlar arasında valyuta məzənnələrinin dəyişkənliyi, yüksək əməliyyat xərcləri və əlavə gömrük rüsumları yer alır. Eyni zamanda, qlobal iqtisadi vəziyyət səbəbindən istehlakçıların məişət texnikası və digər avadanlıqların alınmasını təxirə salması satışlara mənfi təsir edib.

Şirkət yalnız əsas avtomobil komponentləri biznesində deyil, digər sahələrdə də çətinliklərlə üzləşdiyini etiraf edib. Rəhbərlik rəqabət qabiliyyətinin zəiflədiyini bildirərək vəziyyətdən çıxış yolu kimi genişmiqyaslı optimallaşdırma planına start verib.

Bu çərçivədə “Bosch” yaxın illərdə təkcə avtomobil komponentləri bölməsində 22 minə qədər iş yerini ixtisar etməyi planlaşdırır. İxtisarlar həmçinin məişət texnikası və elektrik alətləri bölmələrini də əhatə edəcək.

2025-ci ilin sonuna şirkətin dünya üzrə işçi sayı 412 774 nəfər təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5 085 nəfər azdır. Xüsusilə Avropadan digər regionlara işçi qüvvəsinin köçürülməsi diqqət çəkir. Bu proses ən çox işçilərin təxminən 30%-nin çalışdığı Almaniyaya təsir edib. Ölkədə işçi sayı il ərzində 6 700 nəfər azalaraq 123 min nəfərə düşüb.

Buna baxmayaraq, “Bosch” rəhbərliyi cari ildə gəlirin 2–5% artacağını proqnozlaşdırır. Əməliyyat mənfəətinin də yüksələcəyi gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
2
banco.az

3Источники