RU

BVF və Dünya Bankı Venesuela ilə əlaqələrini bərpa edib

Bakı, 17 aprel, AZƏRTAC

Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Latın Amerikası ölkəsinin müvəqqəti liderinin rəhbərliyi altında Venesuela ilə əlaqələrin bərpa olunduğunu elan edib.

AZƏRTAC xəbər verir ki, Venesuela Prezidenti vəzifəsini icra edən Delsi Rodrigez əlaqələrin bərpa olunmasını Venesuela diplomatiyasının “böyük nailiyyəti” adlandırıb.

Vaşinqtonda yerləşən maliyyə qurumları 2019-cu ildə mübahisəli prezident seçkilərindən sonra beynəlxalq ictimaiyyətdə ölkənin qanuni lideri - Nikolas Maduro və ya Xuan Quaydonu dəstəkləmək barədə fikir ayrılığı fonunda Karakasla əlaqələrini kəsib. “Əl Cəzirə” telekanalının məlumatına görə, BVF-nin idarəedici direktoru Kristalina Georgiyeva cümə axşamı bildirib ki, Fond Prezident vəzifəsini icra edən Delsi Rodrigezin rəhbərliyi altında Venesuela ilə əməkdaşlığı bərpa edib.

Georgiyeva sosial media paylaşımında yazıb: “Üzvlərimiz ilə məsləhətləşmələr əsasında atılan bu vacib addım Fondun öz fəaliyyətini son nəticədə Venesuela xalqına fayda verəcək şəkildə bərpa etməsinə imkan verir”.

Qısa müddət sonra Dünya Bankı verdiyi açıqlamada BVF-nin yolunu izləyəcəyini açıqlayıb və qeyd edib ki, bu, həmin kreditorun qərar qəbuletmə prosesinin “nəticələrinə” əsaslanır.

Bank bildirib ki, Karakasa sonuncu dəfə 2005-ci ildə kredit ayırıb.

Bu addımlar Venesuelanın beynəlxalq kreditorlardan maliyyə yardımı almasına yol açır. Ölkə dünyada ən yüksək borc yükünə malikdir və ümumi xarici öhdəliklər 150 milyard dollardan çox qiymətləndirilir.

 

Избранный
23
azertag.az

1Источники