Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın İranla razılaşma əldə etmək məqsədilə yeni kompromislərə gedəcəyi istisna deyil.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Trampın İsrail və Livan arasında atəşkəs barədə bəyanatı onun İrana qarşı müharibəni dayandırmaq üçün böyük canfəşanlıq etdiyini göstərir.
"Politico" xatırladır ki, Ağ Ev rəhbəri bir müddət əvvəl Livandakı hərbi əməliyyatların dayandırılmasının ABŞ və İran arasındakı atəşkəs şərtlərinə daxil edilmədiyini bildirmiş və bu qarşıdurmanı ayrıca bir döyüş adlandırmışdı.
Qeyd olunur ki, yəhudi dövlətinin Baş naziri Binyamin Netanyahunu zərbələri dayandırmağa sövq edən Tramp İranla müqaviləni poza biləcək faktoru sıradan çıxarıb.
"Düşünürəm ki, o, başqa kompromislərə də gedəcək, çünki bu vəziyyətə son qoymağı çox istəyir", - deyə Fars körfəzi ölkələrindən birinin adının çəkilməsini istəməyən yüksəkvəzifəli rəsmisi nəşrə açıqlamasında bildirib.
"Politico" İslamabadda İranla aparılan birbaşa danışıqların ciddi irəliləyişlə nəticələnməməsi fonunda Trampın ən azı İranın bəzi tələblərinə münasibətdə daha artıq güzəştli mövqe sərgiləyə biləcəyini vurğulayıb.
Qeyd edək ki, aprelin 16-da ABŞ Prezidenti Donald Tramp İsrail və Livanın atəşkəs barədə razılığa gəldiyini bəyan edib. O, Livan Prezidenti Cozef Aun və İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışıqları apardığını, tərəflərin Bakı vaxtı ilə aprelin 17-si saat 01:00-da qüvvəyə minəcək 10 günlük atəşkəslə razılaşdıqlarını bildirib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
"Cebheinfo.az"