RU

Çin ABŞ-la müharibə üçün İrana qabaqcıl radarlar tədarük etməyi planlaşdırır

ABŞ kəşfiyyatının məlumatına görə, İran ilə ABŞ arasında müharibənin başlanğıc mərhələsində Çin Tehrana silah, o cümlədən qabaqcıl radiolokasiya sistemləri tədarük etməyi nəzərdən keçirib...

Poliqon xəbər verir ki, bu barədə CBS News məlumatlı mənbələrə istinadən yazır.

ABŞ rəsmiləri bildiriblər ki, Pekin İran üçün X-diapazonlu radar sistemlərinin göndərilməsini müzakirə edib. Bu texnologiya ölkənin yaxınlaşan təhlükələri – o cümlədən aşağı hündürlükdə uçan pilotsuz aparatları və qanadlı raketləri – aşkar etmək və izləmək imkanlarını əhəmiyyətli dərəcədə artıra bilər. Həmçinin bu radarlar hava hücumundan müdafiə sistemlərini müasir zərbələrdən qorumağa kömək edə bilər.

Məqalədə qeyd olunur ki, Çinin bu qərarı son nəticədə qəbul edib-etmədiyi hələ dəqiq deyil. Lakin belə qiymətləndirmə Vaşinqtonun narahatlığını artırır: İranla münaqişə təkcə regional rəqibləri deyil, həm də birbaşa hərbi müdaxilə etmədən kritik dəstək verməyə hazır olan qlobal gücləri də cəlb edə bilər.

İki amerikalı rəsmiyə görə, kəşfiyyat məlumatları Pekinin İran üçün hava hücumundan müdafiə sistemləri də göndərməyi nəzərdən keçirdiyini göstərir. Bu tədarükün birbaşa iştirakı gizlətmək üçün üçüncü ölkələr vasitəsilə həyata keçirilə biləcəyi ehtimal olunur.

ABŞ müdafiə naziri Pit Heqset məsələ ilə bağlı bildirib: "Prezident Trampın Sədr Si ilə çox güclü və birbaşa münasibətləri var. Onlar bu məsələni müzakirə ediblər və Çin bizi əmin edib ki, bu baş verməyəcək".

Gözlənilir ki, Donald Tramp gələn ay Çinə səfər edəcək. O, daha əvvəl Çin lideri Si Szinpinə məktub göndərərək İrana silah tədarük etməməsini xahiş etdiyini də açıqlayıb, lakin yazışmanın vaxtını dəqiqləşdirməyib.

Vaşinqtondakı Çin səfirliyinin nümayəndəsi Lyu Pənyu bildirib ki, Pekinin İranla bağlı mövqeyi "açıq və səmimidir": "Biz obyektiv və qərəzsiz mövqe tuturuq və sülh danışıqlarının təşviqi üçün çalışırıq. Münaqişələrin eskalasiyasına səbəb olan addımlar atmırıq".

Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi Qo Tsyakun isə mediada Pekinin Tehrana silah tədarükü ilə bağlı yayılan məlumatları "tamamilə uydurma" adlandırıb.

Poliqon.info

Избранный
19
20
poliqon.info

10Источники