RU

Avrostat: 2100-cü ilədək Aİ əhalisi 11,7 faiz azala bilər

Proqnoza görə, Avropa İttifaqında əsrin sonunadək yaşlıların payı artacaq, uşaqların, gənclərin və əmək qabiliyyətli əhalinin xüsusi çəkisi isə azalacaq...

Poliqon xəbər verir ki, bu barədə Avropa Statistika Bürosu məlumat yayıb.

Avrostatın proqnozuna əsasən, 2025–2100-cü illər ərzində Avropa İttifaqının əhalisi 53 milyon nəfər və ya 11,7 faiz azalacaq. Qiymətləndirmələrə görə, yaxın bir neçə ildə artım tendensiyası davam edəcək və Aİ-də əhalinin sayı 2029-cu ilə qədər 453,3 milyon nəfərə çatacaq. Bundan sonra isə say tədricən azalaraq 2100-cü ildə 398,8 milyon nəfər səviyyəsinə enəcək.

Proqnozlar göstərir ki, bu dəyişiklik təkcə ümumi əhali sayında deyil, həm də yaş strukturunda ciddi dönüş yaradacaq. Belə ki, əsrin sonuna qədər 19 yaşadək uşaq və gənclərin payının 20 faizdən 17 faizə düşəcəyi gözlənilir. Eyni zamanda, hazırda Aİ əhalisinin əsas hissəsini təşkil edən 64 yaşadək əmək qabiliyyətli əhalinin payı da 58 faizdən 50 faizə qədər azalacaq.

Buna qarşılıq olaraq, yaşlı əhali qrupunun xüsusi çəkisinin artacağı gözlənilir. Proqnoza əsasən, 65–79 yaş aralığında olan insanların payı 16 faizdən 17 faizə yüksələcək. Daha diqqətçəkən artım isə 80 yaş və yuxarı yaş qrupunda müşahidə olunacaq. Hazırda bu kateqoriyaya aid olanların payı 6 faizdirsə, 2100-cü ilə qədər bu göstəricinin 16 faizə çatacağı ehtimal edilir.

Avrostatın qiymətləndirməsinə görə, hazırkı demoqrafik mənzərə Avropa İttifaqında yüksək gözlənilən ömür uzunluğu, aşağı ölüm səviyyəsi və aşağı doğum göstəriciləri ilə xarakterizə olunur. Mövcud demoqrafik piramida onu göstərir ki, Aİ əhalisinin əhəmiyyətli hissəsini artıq 50 yaşdan yuxarı əmək qabiliyyətli insanlar təşkil edir. Bu tendensiya gələcəkdə sosial təminat sistemləri, səhiyyə xərcləri, pensiya öhdəlikləri və əmək bazarı üçün daha ciddi yük yarada bilər.

Mütəxəssislərin yanaşmasına görə, əhalinin qocalması və işçi qüvvəsinin azalması Avropa ölkələrini uzunmüddətli iqtisadi və sosial siyasətlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər. Xüsusilə əmək bazarında boşluqların doldurulması, pensiya sisteminin davamlılığı və gənc nəslin sayının azalmasının yaratdığı struktur problemlər yaxın onilliklərdə Aİ üçün əsas çağırışlardan biri olacaq.

Poliqon.info

Избранный
18
poliqon.info

1Источники