RU

Şoyqudan NATO ölkələrinə açıq təhdid: Rusiya 51-ci maddəni işə sala bilər

Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ukraynanın Baltikyanı ölkələr və Finlandiya üzərindən həyata keçirdiyi dron uçuşları ilə bağlı sərt açıqlama verib.

Musavat.com xəbər verir ki, o, belə uçuşların artmasının Moskvanın BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad etməsi üçün əsas yarada biləcəyini bildirib.

Şoyqunun sözlərinə görə, Rusiyaya zərbələr endirmək üçün həmin ölkələrin hava məkanından keçən dronların sayında artım müşahidə olunur. O iddia edib ki, bu vəziyyət ya həmin dövlətlərin hava hücumundan müdafiə sistemlərinin “səmərəsiz” olduğunu, ya da onların qəsdən öz hava məkanını bu məqsədlə açdığını göstərir.

Rusiyalı rəsmi bildirib ki, bütün bunlar “cinayətkarlıq” kimi qiymətləndirilə bilər və bu da Rusiyanın özünümüdafiə hüququna istinad etməsi üçün zəmin yaradır.

Şoyqu digər açıqlamasında Avropada Ukrayna üçün inşa edilən dron zavodlarının da Rusiya üçün “qanuni hərbi hədəf” olduğunu deyib. O vurğulayıb ki, əgər Moskva həmin müəssisələrdən öz təhlükəsizliyinə artan risk gördüyü qənaətinə gəlsə, onların NATO ərazisində yerləşməsinə baxmayaraq, müdaxilə üçün əsas yarandığını hesab edə bilər.

Şoyqunun fikrincə, Ukrayna NATO ərazisini “toxunulmaz zona” kimi görərək ondan Rusiyaya qarşı istifadə edə bilməz.

 

Musavat.com

Избранный
28
musavat.com

1Источники