RU

Keçmiş nazirin villası satıldı - pulu dövlətə qaytarılacaq

Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryan ailəsinə məxsus Los-Ancelesdəki lüks malikanənin satışından əldə edilən vəsaitin böyük hissəsinin Ermənistana qaytarılması planlaşdırılır.

Musavat.com xəbər verir ki, bu barədə "MassisPost" məlumat yayıb.

Məlumata görə, Ermənistanın baş prokuroru Anna Vardapetyan ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allenlə görüş keçirib. Görüş zamanı əsas müzakirə mövzularından biri Los-Ancelesin Holmby Hills bölgəsində yerləşən və Xaçatryan ailəsinə aid olan malikanənin satışından əldə ediləcək vəsaitin Ermənistana qaytarılması olub.

Bildirilir ki, sözügedən əmlak ABŞ Ədliyyə Nazirliyinin apardığı istintaq çərçivəsində müsadirə edilib. İddialara əsasən, malikanə Xaçatryanın oğullarının adına rəsmiləşdirilmiş etimad fondu vasitəsilə alınsa da, bu vəsaitlərin mənşəyi şübhəli hesab olunur. ABŞ tərəfi bu pulların rüşvət xarakterli ödənişlər olduğunu irəli sürür.

Razılaşmaya əsasən, malikanə bazar qiymətinə satılacaq. Satışdan əldə olunan xalis gəlirin böyük hissəsi ABŞ-də qalacaq, lakin Amerika tərəfinin qərarı ilə həmin vəsaitin bir hissəsi və ya böyük qismi Ermənistana köçürülə bilər.

Ermənistan Baş Prokurorluğu bu prosesi iki ölkə arasında hüquqi əməkdaşlığın nəticəsi kimi qiymətləndirir və qeyd edir ki, məhkəmə tərəfindən cinayət yolu ilə əldə edilmiş aktiv kimi tanınan əmlakın satışından sonra vəsaitin geri qaytarılması gözlənilir.

 

Musavat.com

Избранный
22
musavat.com

1Источники