İran parlamenti Hörmüz boğazı üzərində suverenliyin gücləndirilməsi və keçid üçün rüsumların tətbiq edilməsinin ölkə iqtisadiyyatına gətirəcəyi dividentləri açıqlayıb. Qanunverici orqanın rəyasət heyətinin üzvü ISNA agentliyinə verdiyi açıqlamada, boğaz üzərində tam tənzimləyici nəzarətin bərqərar olmasının ölkəyə hər il 10-15 milyard dollar arasında əlavə gəlir qazandıra biləcəyini qeyd edib.
KONKRET.az xəbər verir ki, parlament üzvü bu strateji addımın əsas hədəfinin milli valyuta olan rialın möhkəmləndirilməsi olduğunu vurğulayıb. Məlumata görə, İran boğazdan keçən gəmilər üçün rüsumları məhz yerli valyuta — rial ilə toplamağı və ya rüsum sistemini rialın məzənnəsinə bağlamağı hədəfləyir. Bu isə beynəlxalq ticarətdə riala olan tələbatı süni şəkildə artıraraq, sanksiyaların təzyiqi altında olan valyutanın dəyərini qorumağa xidmət edəcək.
Tehran rəsmiləri bu təşəbbüsü “reketlik” və ya ticarətə maneə kimi deyil, beynəlxalq hüquq çərçivəsində “tənzimləyici rolun bərpası” kimi qələmə verirlər:
“İran Hörmüz boğazında maneələr yaratmaq və ya şantajla məşğul olmaq niyyətində deyil. Bizim məqsədimiz regionun təhlükəsizliyini təmin edən əsas güc kimi tranzit prosesini beynəlxalq normalara uyğun tənzimləmək və ölkəmizin coğrafi üstünlüyündən qanuni iqtisadi mənfəət əldə etməkdir.”
Analitiklər qeyd edirlər ki, martın sonunda parlamentin təhlükəsizlik komissiyası tərəfindən bəyənilən bu “Rüsum Planı” faktiki olaraq ABŞ və İsrail gəmilərinin keçidini qadağan edir, digər ölkələrdən isə təhlükəsiz keçid üçün ödəniş tələb edir. Bəzi daha iddialı hesablamalara görə, əgər hər bir gəmidən təxminən 2 milyon dollar rüsum alınarsa, illik gəlir hətta 60-100 milyard dolları keçə bilər. Lakin parlamentin hazırkı 10-15 milyardlıq proqnozu daha real və icra edilə bilən hədəf kimi görünür.
Bu planın icrası dünya neft nəqlinin təxminən 20-30%-nin keçdiyi bu strateji su yolunda yeni bir hüquqi və iqtisadi dövrün başlanğıcı ola bilər. Lakin ABŞ və NATO-nun azad gəmiçilik prinsipini əsas gətirərək bu cür birtərəfli rüsumlara hərbi və diplomatik müqavimət göstərəcəyi qaçılmazdır.
Natiq Səlim,
KONKRET.az