Balakən, 16 aprel, AZƏRTAC
Balakəndə "Şahin" hərbi-idman oyununun rayon mərhələsinin qalibləri açıqlanıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən rayon gənclər və idman sektorundan məlumat verilib.
Bildirilib ki, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Balakən rayonu üzrə gənclər və idman sektoru, Balakən rayon Təhsil sektoru, Balakən Gənclər evi sosial xidmət müəssisəsi, Balakən Olimpiya İdman Kompleksi, SHXÇDX-nın Balakən rayon şöbəsi və FHN-nin Balakən rayon Yanğından Mühafizə Hissəsinin birgə təşkilatçılığı ilə baş tutan yarışlar Balakən Olimpiya İdman Kompleksində keçirilib.
Hərbi-idman oyunlarının açılış mərasimində əlaqədar qurumların rəhbər və əməkdaşları, Vətən müharibəsi qəhrəmanı, şəhid Amin Novruzovun və şəhid Nəcməddin Sarkayevin valideyinləri iştirak ediblər. Yarışların açılış mərasimində qeyd olunub ki, “Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanması, gənclərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunmasına kömək göstərmək, “Şanlı Zəfər” tarixini təbliğ etməkdən ibarətdir.
Hərbi-idman oyunlarının rayon mərhələsində 12 məktəbdən 168 nəfər məktəbli öz güclərini sınayıb.
Gərgin idman mübarizəsi şəraitində keçirilən yarışların nəticələrinə görə Amin Novruzov adına HTT Liseyin komandası l yer, Katex 1 nömrəli kənd tam orta məktəbin komandası ll yer, Mahamalar kənd tam orta məktəbin komandası isə lll yerə layiq görülüblər.
Sonda qalib komandalar mükafatlandırılıb.
Müxbir - Rasim İslamoğlu