RU

“Tərəflər istəsə, ABŞ–İran arasında kompromis mümkündür” – Əli Mustafayev

"Əslində, həm İran, həm də ABŞ bu və digər məsələlərdə müəyyən güzəşt imkanlarına malikdirlər. Yəni tərəflər kompromis axtarsalar, onu tapmaq mümkündür. Üstəlik, Pakistanın vasitəçiliyi və himayəsi altında keçirilən bu görüşdə rəsmi İslamabad gərginliyin qarşısını almağa çalışır. Pakistan Ordusunun komandanı Hasim Münirin İrana səfəri də, böyük ehtimalla, təsadüfi deyil. Ehtimal olunur ki, o, ABŞ-nin müəyyən mesajlarını İran rəhbərliyinə çatdırmaq və mümkün razılaşma variantlarını müzakirə etmək məqsədi ilə bu səfəri həyata keçirib. Bundan başqa, mövcud məlumata görə, ABŞ və İran ekspertləri Pakistanda fəaliyyətlərini davam etdirirlər. ABŞ nümayəndə heyətinin bir hissəsi ölkəni tərk etsə də, hər iki tərəfdən olan ekspertlər danışıqları davam etdirir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.

Qeyd edək ki, "Axios” nəşrinin ABŞ administrasiyasındakı mənbələrə istinadən yaydığı xəbərə görə, Vaşinqtonla Tehran arasında uzun müddətdir davam edən gərginliyin azaldılması istiqamətində ciddi irəliləyiş müşahidə olunur. Qeyd olunur ki, tərəflər münaqişənin həlli məsələsində əvvəlki mərhələlərlə müqayisədə daha yaxın mövqeyə gəlib və diplomatik kanallar üzərindən danışıqlar aktiv şəkildə davam edir.

Siyasi şərhçi qeyd edib ki, bu, müəyyən məsələlər üzrə tərəflər arasında yaxınlaşma və uzlaşma imkanlarının mövcudluğuna işarə edir.

Избранный
49
aznews.az

1Источники