Hazırda dünyada 1 milyarddan çox insan yüksək qan təzyiqindən əziyyət çəkir
Yeni araşdırmaya görə, milyonlarla insanın yüksək qan təzyiqi riski qidalanma və həyat tərzi ilə yanaşı, içdikləri su ilə də bağlı ola bilər.
Alimlər müəyyən ediblər ki, duzlu içməli su qan təzyiqini artırır və hipertoniya riskini yüksəldir. Xüsusilə, dəniz səviyyəsinin artdığı sahil bölgələrində dəniz suyunun şirin su mənbələrinə qarışması bu problemi daha da gücləndirir.
Tədqiqat zamanı ABŞ, Avstraliya, İsrail, Banqladeş, Vyetnam, Keniya və Avropa ölkələrindən 74 mindən çox insanın məlumatları analiz olunub. Nəticələr göstərib ki, daha duzlu su içən insanlarda sistolik (yüksək) təzyiq orta hesabla 3,22 millimetr civə sütunu, diastolik təzyiq isə 2,82 millimetr civə sütunu daha yüksəkdir. Araşdırmada, həmçinin məlum olub ki, duzlu suya məruz qalmaq hipertoniya riskini 26 faiz artırır. Bu risk, xüsusilə, sahil ərazilərində yaşayan insanlar üçün daha yüksəkdir.
Mütəxəssislər bildirirlər ki, suyun duzluluğu sağlamlıq üçün az hərəkətli həyat tərzi qədər təhlükəli ola bilər. Hazırda dünyada 1 milyarddan çox insan yüksək qan təzyiqindən əziyyət çəkir. Alimlər hesab edirlər ki, iqlim dəyişikliyi və dəniz səviyyəsinin yüksəlməsi bu problemi gələcəkdə daha da artıracaq.
Ekspertlər insanlara yaşadıqları ərazidə suyun keyfiyyət hesabatlarını yoxlamağı və gündəlik qida rasionunda duz qəbuluna diqqət etməyi tövsiyə edirlər.
Təhminə VERDİYEVA,
“Azərbaycan”