RU

Regional İdarənin rəsmisi: Qaxdakı tarix-memarlıq abidələri çoxəsrlik mədəniyyət tariximizin canlı şahidləridir

Qax, 16 aprel, AZƏRTAC

Qax rayonunda yerləşən tarix-memarlıq abidələri, o cümlədən Qum bazilikası, Kürmük məbədi, Ləkit kəndindəki qədim məbəd qalıqları, məscid binaları təkcə regionun deyil, bütövlükdə Azərbaycanın çoxəsrlik mədəniyyət tarixinin canlı şahidləridir. Bu mənada, Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün məhz Qaxda qeyd olunması həm rəmzi, həm də məntiqi xarakter daşıyır və bu irsə diqqətin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlaması zamanı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin rəisi vəzifəsinin səlahiyyətlərini icra edən Tərxan Tahirli Qaxda keçirilən tədbir zamanı deyib.

Qurumun rəsmisi bildirib ki, Qax bölgəsində mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən tədbirlər, yerli icmanın bu sahəyə göstərdiyi həssas münasibət və dövlət qurumları ilə əməkdaşlıq xüsusi qeyd olunmalıdır. Bu yanaşma mədəni irsin qorunmasının yalnız dövlət siyasəti deyil, həm də ümumxalq məsuliyyəti olduğunu bir daha nümayiş etdirir.

“Bu gün Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması, mühafizə zonalarının müəyyənləşdirilməsi, onların qorunması istiqamətində sistemli və ardıcıl fəaliyyət həyata keçirir. 2025-ci ildə dövlət xidməti tərəfindən tarix-mədəniyyət abidələrinin məlumat lövhələri ilə təmin olunmasına dair yeni layihəyə başlanılıb. Bu layihə abidələrin qorunması, ictimai maarifləndirmənin gücləndirilməsi, qanunsuz müdaxilələrin qarşısının alınması və milli mədəni irsimizin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. Lövhələrdə abidənin adı, tarixi, inventar nömrəsi və əhəmiyyət dərəcəsi əks etdirilərək həm yerli əhali, həm də turistlər üçün etibarlı informasiya mənbəyi yaradılır. Eyni zamanda, mövcud abidələrin mühafizəsi ilə yanaşı, yeni tarix-mədəniyyət nümunələrinin aşkar edilməsi və inventarlaşdırılması da xidmətin əsas prioritetlərindəndir. Bu məqsədlə müvafiq ekspertiza aktları hazırlanaraq aidiyyəti qurumlara təqdim olunur”, - deyə Tərxan Tahirli vurğulayıb.

Qurum rəsmisi bildirib ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizdə bu sahəyə göstərilən diqqətin daha da artırıldığını nümayiş etdirir: “Bu Sərəncam həm tarixi irsin qorunması, həm də müasir şəhər mühitinin davamlı inkişafı baxımından mühüm əhəmiyyətə malikdir”.

Müxbir – Mustafa Dadaşov

Избранный
44
azertag.az

1Источники