RU

Yüksək kalorili olmasına baxmayaraq piylənmə riskini azaldan məhsulun adı açıqlanıb

Toronto Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, tam yağlı süd daha yüksək yağ tərkibinə malik olsa da, uşaqlarda piylənmə riskini azalda bilər.

Editor.az xəbər verir ki, araşdırmanın nəticələri American Journal of Clinical Nutrition (AJCN) jurnalında dərc olunub.

Tədqiqat zamanı uşaqların sağlamlığının uzunmüddətli monitorinq proqramından əldə edilən geniş məlumat bazasından istifadə olunub. Alimlər uşaqların körpəlik dövründə hansı növ süd qəbul etdiyini, tam yağlı, az yağlı və ya yağsız süd istehlak etdiyini izləyiblər. Daha sonra bu göstəricilər 5 və 8 yaşlarında bədən çəkisi və bədən yağ nisbəti ilə müqayisə edilib.

Məlum olub ki, müntəzəm olaraq tam yağlı süd içən uşaqlarda bədən kütlə indeksi daha aşağı olub. Həmçinin onların 8 yaşına qədər piylənmə riski yağsız süd içənlərlə müqayisədə 69 faiz daha az qeydə alınıb. Ümumilikdə, südün yağ tərkibinin yüksək olması daha sağlam bədən quruluşu göstəriciləri ilə əlaqələndirilib.

Tədqiqatçılar bildirirlər ki, bu nəticələr uşaqların qidalanmasında əsasən az yağlı süd məhsullarına üstünlük verilməsi ilə bağlı əvvəlki tövsiyələrə yenidən baxılmasını zəruri edə bilər. Müəlliflərin fikrincə, süd yağı toxluq hissini artıraraq fast-food, şirniyyat və şəkərli içkilərə marağı azalda bilər.

Bununla belə, bu əlaqənin arxasında dayanan dəqiq bioloji mexanizmlər hələ tam müəyyən edilməyib.

//Gülnarə Abasova, Editor.az

Избранный
34
editor.az

1Источники