RU

Vergi güzəştlərində iqtisadi səmərəlilik necə artırılacaq? - ŞƏRH

Azərbaycanda vergi güzəşt və azadolmalarının yenidən qiymətləndirilməsi və effektiv olmayan mexanizmlərin mərhələli şəkildə ləğvi planı fiskal siyasətdə keyfiyyət mərhələsinə keçidin göstəricisi kimi çıxış edir. Orta müddətli büdcə çərçivəsində bu istiqamətin prioritet kimi müəyyənləşdirilməsi vergi sistemində resursların daha səmərəli bölgüsünə və dövlət gəlirlərinin optimallaşdırılmasına yönəlmiş yanaşmanı əks etdirir.

Qlobal iqtisadi praktikada vergi güzəştləri investisiyaların təşviqi və müəyyən sahələrin inkişafı üçün geniş istifadə olunan alətlərdən biridir. Lakin son illərdə bir çox ölkələr bu mexanizmlərin effektivliyini yenidən qiymətləndirərək onların real iqtisadi təsirini ölçməyə başlayıb. Beynəlxalq təcrübə göstərir ki, geniş və hədəfsiz tətbiq olunan güzəştlər büdcə gəlirlərinin azalmasına səbəb olmaqla yanaşı, bazarda qeyri-bərabər rəqabət mühiti yarada bilər. Bu baxımdan, güzəştlərin yalnız konkret nəticələrə yönəldilməsi daha effektiv model hesab olunur.

Azərbaycanda da bu istiqamətdə atılan addım fiskal dayanıqlığın gücləndirilməsi ilə yanaşı, investisiya mühitinin daha şəffaf və proqnozlaşdırıla bilən hala gətirilməsinə xidmət edir. Effektivliyi əsaslandırılmayan güzəştlərin ləğvi dövlət büdcəsində əlavə fiskal məkan yaradır və bu resursların daha prioritet sahələrə yönəldilməsinə imkan verir. Eyni zamanda, bu yanaşma vergi bazasının genişlənməsini və qeyri-neft gəlirlərinin artımını dəstəkləyir.

Digər mühüm məqam isə güzəştlərin tam ləğvi deyil, daha çox onların optimallaşdırılmasıdır. Sənəddə də vurğulandığı kimi, prioritet sahələr üzrə zəruri hesab edilən vergi təşviqlərinin saxlanılması və daha məqsədli əsaslarla tətbiqi davam etdiriləcək. Bu isə selektiv yanaşmanın tətbiq olunduğunu göstərir. Yəni, yüksək əlavə dəyər yaradan, ixrac potensialı olan və texnoloji inkişafı təşviq edən sahələrdə vergi güzəştləri qorunacaq, lakin aşağı effektivliyə malik mexanizmlər aradan qaldırılacaq.

İqtisadi baxımdan bu dəyişiklik rəqabət mühitinin sağlamlaşdırılmasına da müsbət təsir göstərə bilər. Geniş güzəştlər bəzi hallarda bazarda qeyri-bərabər şərtlər yaradır və resursların optimal bölgüsünü pozur. Daha balanslı vergi siyasəti isə bazar iştirakçıları üçün bərabər şərtlər formalaşdıraraq uzunmüddətli investisiya qərarlarının qəbulunu asanlaşdırır.

Избранный
27
aznews.az

1Источники