RU

Azərbaycan daxili sabitliyin qorunmasına və iqtisadi dayanıqlığın gücləndirilməsinə xüsusi önəm verir

Bakı, 16 aprel, AZƏRTAC

Qlobal qeyri-müəyyənliklərin və münaqişələrin artdığı bir dövrdə Azərbaycanın balanslı və çoxşaxəli siyasəti ölkənin milli maraqlarının qorunmasına xidmət edir. Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi gərginliklərin artdığı, müharibə və qarşıdurmaların geniş vüsət aldığı bir dövrdə dövlətlərin apardığı xarici siyasət kursu onların milli təhlükəsizliyi və davamlı inkişafı baxımından həlledici rol oynayır. Belə mürəkkəb və ziddiyyətli qlobal şəraitdə Azərbaycanın nümayiş etdirdiyi balanslı və praqmatik siyasət xüsusi diqqət çəkir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

O bildirib ki, son illərdə dünyada baş verən proseslər regional müharibələr, böyük güclər arasında rəqabətin dərinləşməsi, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı böhranlar, həmçinin beynəlxalq hüququn selektiv tətbiqi kimi hallar qlobal sabitliyi ciddi şəkildə sarsıdır. Belə bir fonda bir çox ölkələr ya müəyyən bloklara qoşulmağa məcbur qalır, ya da xarici təsirlərin altında müstəqil qərar qəbul etmək imkanlarını itirirlər. Azərbaycan isə fərqli yanaşma nümayiş etdirərək müstəqil və balanslaşdırılmış siyasət xəttini uğurla qoruyub saxlayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun əsas xüsusiyyətlərindən biri milli maraqların prioritet tutulması ilə yanaşı, beynəlxalq əməkdaşlığın genişləndirilməsidir. Azərbaycan həm Qərb ölkələri, həm də Şərq dövlətləri ilə qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında münasibətlər qurur. Bu yanaşma ölkənin heç bir geosiyasi blokda təmsil olunmadan, eyni zamanda, müxtəlif tərəflərlə səmərəli əməkdaşlıq etməsinə imkan yaradır.

Deputat xüsusilə qeyd edib ki, enerji təhlükəsizliyi sahəsində Azərbaycanın rolu qlobal miqyasda getdikcə daha da artır. Avropanın enerji təchizatında mühüm tərəfdaşa çevrilən Azərbaycan, eyni zamanda, regionda sabitliyin təmin olunmasına töhfə verir. Bu isə ölkənin beynəlxalq nüfuzunu gücləndirir və onun etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Digər mühüm məqam Azərbaycanın beynəlxalq münaqişələrə münasibətdə sərgilədiyi prinsipial mövqedir. Rəsmi Bakı daim dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qorunmasını əsas prinsip kimi önə çəkir. Bu yanaşma həm ölkənin öz milli maraqlarına uyğundur, həm də beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Azərbaycan münaqişələrin sülh yolu ilə həllini dəstəkləyir və bu istiqamətdə beynəlxalq təşəbbüslərdə aktiv iştirak edir.

“Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin digər mühüm istiqaməti çoxtərəfli diplomatiyanın inkişafıdır. Azərbaycan Qoşulmama Hərəkatında fəal rol oynamaqla inkişaf etməkdə olan ölkələrin maraqlarının müdafiəsinə töhfə verir, eyni zamanda, müxtəlif beynəlxalq platformalarda dialoq və əməkdaşlıq mühitinin gücləndirilməsinə çalışır. Bu, ölkənin qlobal səviyyədə söz sahibinə çevrilməsinə şərait yaradır. Müharibə və qeyri-sabitlik fonunda humanitar təşəbbüslər də Azərbaycanın siyasətində mühüm yer tutur. Pandemiya dövründə və digər böhranlı vəziyyətlərdə müxtəlif ölkələrə göstərilən yardım Azərbaycanın məsuliyyətli və həmrəy tərəfdaş olduğunu bir daha nümayiş etdirdi. Bu yanaşma yalnız siyasi deyil, həm də mənəvi baxımdan ölkənin beynəlxalq imicini gücləndirir”, - deyə V.Qafarov vurğulayıb.

Milli Məclisin deputatının sözlərinə görə, bütün bunlarla yanaşı, Azərbaycan daxili sabitliyin qorunmasına və iqtisadi dayanıqlığın gücləndirilməsinə xüsusi önəm verir. Çünki məhz güclü daxili baza xarici siyasətdə müstəqil qərarvermə imkanlarını təmin edir. Bu baxımdan Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət həm daxili, həm də xarici müstəvidə bir-birini tamamlayan strateji xətt kimi çıxış edir. Nəticə etibarilə, qlobal qeyri-müəyyənliklərin və münaqişələrin artdığı bir dövrdə Azərbaycanın balanslı və çoxşaxəli siyasəti ölkənin milli maraqlarının qorunmasına, beynəlxalq mövqeyinin güclənməsinə və regionda sabitliyin təmin olunmasına xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət modeli göstərir ki, düzgün strateji yanaşma və prinsipial mövqe ilə mürəkkəb geosiyasi şəraitdə belə uğurlu nəticələr əldə etmək mümkündür.

Избранный
33
azertag.az

1Источники