ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.
İran ordusunun yüksək vəzifəli rəsmisi ölkənin Silahlı Qüvvələrinin mümkün yeni hərbi təhdidlərə qarşı tam hazır vəziyyətdə olduğunu bəyan edib.
Redaktor.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
İran ordusunun icra işləri üzrə komandan müavini, briqada generalı Əlirza Şeyx bildirib ki, hər hansı yeni düşmənçilik addımı atılarsa, İran əvvəlcədən planlaşdırılmış tədbirlər əsasında qəti cavab verəcək.
O qeyd edib ki, Silahlı Qüvvələr ölkə ərazisində inteqrasiya olunmuş şəkildə yerləşdirilib və müxtəlif hərbi birləşmələr koordinasiyalı fəaliyyət göstərir. Generalın sözlərinə görə, rəqib qüvvələr müəyyən mövqelərini qorusa da, İran sərhədlərinə yaxınlaşa bilmir və buna görə də uzaq məsafədən əməliyyatlara üstünlük verir.
Rəsmi şəxs bildirib ki, 2025-ci ilin iyununda baş verən 12 günlük müharibədən sonra İranın zərbə dronlarının istehsalı əvvəlki dövrlə müqayisədə on dəfə artıb. O, bu prosesi dron istehsalında “inqilab” kimi qiymətləndirib.
Əlirza Şeyx vurğulayıb ki, müasir hərbi əməliyyatlarda dronlar düşmənin müdafiə sistemlərini zəiflətmək və dəqiq zərbələr endirmək üçün əsas vasitələrdən birinə çevrilib.
O, həmçinin İranın müdafiə sənayesinin tam yerli istehsala əsaslandığını qeyd edərək bildirib ki, Silahlı Qüvvələr bütün sahələr üzrə lazım olan texnika və silahları daxili imkanlar hesabına istehsal edir.
General sonda əlavə edib ki, qarşı tərəfin danışıqlar masasına gəlməsi və tələbləri müzakirə etməyə məcbur qalması İranın üstünlüyünün göstəricisidir.
Aminə ŞAHSUVARQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.