RU

Ermənistanda kritik seçki: Paşinyan qalacaq, yoxsa Moskva qazanacaq?

Ermənistanda yaxınlaşan parlament seçkiləri ölkədaxili siyasi rəqabətlə yanaşı, xarici güclərin təsir imkanları baxımından da xüsusi maraq doğurur. Seçkiöncəsi mərhələdə həm hakimiyyət, həm də müxalifət fəallaşarkən, regionda maraqları olan dövlətlərin proseslərə münasibəti diqqətlə izlənilir. Xüsusilə Rusiyanın mümkün siyasi müdaxiləsi ilə bağlı müzakirələr fonunda seçkilərin nəticəsinin Cənubi Qafqazın gələcək təhlükəsizlik mühitinə təsir göstərə biləcəyi vurğulanır.

Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, bu ilin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkiləri haqlı olaraq beynəlxalq diqqət mərkəzində olacaq:

“Xüsusilə Vətən müharibəsindən, eləcə də ötən ilin avqustunda Ağ Evdə sülh sazişinin paraflanmasından sonra Ermənistan geosiyasi baxımdan diqqət çəkən məkanlardan birinə çevrilib. Belə ki, Şərq-Qərb istiqamətində hərəkət edən əsas marşrutlardan biri məhz Ermənistan ərazisindən keçir və bu xətt “Orta Dəhliz” kimi tanınır.

Orta Dəhliz Rusiya və İranı beynəlxalq yükdaşımalar və enerji xətlərinin əsas marşrutlarından kənarda saxladığı üçün həmin ölkələr bu layihəyə isti münasibət göstərmirlər. Ermənistan üzərindən aparılan siyasi oyunların məqsədi də ya bu layihəni ləngitmək, ya da burada nəzarət mexanizmi formalaşdırmaqdır. İranın hazırda diqqəti Körfəz bölgəsində cəmləndiyindən, bu istiqamətdə əsas fəallığı Rusiya nümayiş etdirir. Güman edirəm ki, Moskva seçkilərə qədər, eləcə də nəticələrdən asılı olaraq seçkilərdən sonra müəyyən siyasi və qeyri-siyasi addımlar ata bilər. Hazırda Rusiya Robert Köçəryan və Samvel Karapetyan simasında köhnə və yeni fiqurlarını prosesə daxil edib”.

Politoloq hesab edir ki, parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası yenidən üstünlük qazanacaq və baş nazir postu da bu siyasi qüvvədə qalacaq:

“Çünki mövcud hakimiyyətin irəli sürdüyü real Ermənistan yanaşması erməni dövləti və cəmiyyəti üçün hazırda yeganə çıxış yolu kimi görünür. Bunun alternativi isə Ermənistan üçün ciddi risklər və yeni böhranlar vəd edir. Düşünürəm ki, erməni cəmiyyəti artıq anlayır ki, uzun illər başqalarının maraqlarına xidmət edib, indi isə öz milli maraqlarına fokuslanmağın vaxtıdır. Nikol Paşinyanın cəmiyyətə çatdırmaq istədiyi əsas mesaj da məhz budur”.

//Gülnarə Abasova, Editor.az

Избранный
28
editor.az

1Источники