RU

“ABŞ ın təzyiqi artır: İran üçün yeni risk mərhələsi başlayır”

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Yaxın Şərqdə onsuz da kövrək olan geosiyasi balans son günlərdə daha da gərginləşib. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbərliyinin İranın faktiki olaraq dəniz blokadasına alındığı ilə bağlı bəyanatı regionda yeni mərhələnin başlandığını göstərir. Komandan Bred Kuperin səsləndirdiyi fikirlər, xüsusilə İran iqtisadiyyatının dəniz ticarətindən yüksək asılılığı nəzərə alındıqda, Tehrana qarşı ciddi iqtisadi və strateji təzyiq mexanizminin işə salındığını nümayiş etdirir.

Politoloq Nicat İsmayılov Bizimyol.info-ya açıqlamasında bildirib ki, İran uzun illərdir beynəlxalq sanksiyalar altında fəaliyyət göstərsə də, dəniz ticarəti onun iqtisadi dövriyyəsinin əsas sütunlarından biri olaraq qalır. Xüsusilə neft ixracı, enerji resurslarının daşınması və regional ticarət marşrutları İran üçün həyati əhəmiyyət daşıyır. ABŞ qüvvələrinin bu marşrutları faktiki olaraq məhdudlaşdırması Tehranın maliyyə axınlarını zəiflətməklə yanaşı, daxili sosial-iqtisadi sabitliyə də təsir göstərə bilər.

Politoloqun fikrincə, bu prosesin mərkəzində strateji baxımdan mühüm olan Hörmüz boğazı dayanır. Dünyanın enerji təchizatının əhəmiyyətli hissəsinin keçdiyi bu dar su yolu üzərində nəzarət uğrunda mübarizə artıq təkcə regional deyil, qlobal iqtisadi təhlükəsizlik məsələsinə çevrilib.

“ABŞ administrasiyasının bu addımı klassik maksimum təzyiq siyasətinin yeni mərhələsi kimi qiymətləndirilə bilər. Məqsəd İranı danışıqlar masasına daha zəif mövqedə gətirmək, onun nüvə proqramı və regional təsir imkanları ilə bağlı güzəştlərə məcbur etməkdir. Vaşinqton üçün bu yanaşma yalnız hərbi güc nümayişi deyil, eyni zamanda siyasi mesajdır: ABŞ regionda status-kvonu dəyişdirmək iqtidarında olduğunu göstərmək istəyir. Bununla yanaşı, bu addım müttəfiqlərə, xüsusilə Körfəz ölkələrinə təhlükəsizlik təminatı kimi təqdim olunur.

Rəsmi İran isə geri çəkilməyəcəyini açıq şəkildə bəyan edir. Tehran üçün bu qarşıdurma yalnız iqtisadi deyil, həm də siyasi prestij məsələsidir. İran rəhbərliyi daxili auditoriyaya güc və müqavimət mesajı verməyə çalışır. Eyni zamanda, İran alternativ ticarət marşrutları və tərəfdaşlar axtarışını sürətləndirə bilər”, – deyə politoloq bildirib.

Nicat İsmayılov vurğulayıb ki, bu kontekstdə Rusiya və Çin kimi aktorlarla iqtisadi əməkdaşlığın dərinləşdirilməsi ehtimalı artır. Quru nəqliyyat dəhlizləri, kölgə donanma üsulları və regional müttəfiqlər vasitəsilə sanksiyaların təsirini azaltmaq Tehranın əsas strategiyalarından biri ola bilər: “Mövcud vəziyyət fonunda Vaşinqton–Tehran xəttində diplomatik proseslərin gələcəyi bir neçə istiqamətdə inkişaf edə bilər. Birinci ssenari gərginliyin artması və hərbi eskalasiyadır. Əgər tərəflər geri addım atmasa, lokal insidentlərin genişmiqyaslı qarşıdurmaya çevrilməsi riski artır ki, bu da təkcə region üçün deyil, qlobal enerji bazarları üçün ciddi sarsıntılar vəd edir. İkinci ssenari dolayı danışıqların bərpasıdır. Tarixi təcrübə göstərir ki, ABŞ və İran birbaşa deyil, vasitəçilər üzərindən dialoqa üstünlük verir və bu baxımdan Avropa İttifaqı, Oman və digər neytral aktorların rolu arta bilər. Üçüncü və daha real görünən ssenari isə məhdud kompromis və nəzarətli gərginlik modelidir. Bu halda tərəflər tam razılaşmaya gəlmədən müəyyən sahələrdə qismən güzəştlərə gedərək gərginliyi idarəolunan səviyyədə saxlayırlar”.

Politoloqun fikrincə, yaranmış vəziyyət göstərir ki, Yaxın Şərqdə güc balansı yenidən formalaşma mərhələsindədir. ABŞ-ın İranın dəniz ticarətinə qarşı sərt addımları qısa müddətdə iqtisadi təzyiq yaratsa da, uzunmüddətli perspektivdə regionda daha mürəkkəb və çoxqütblü qarşıdurma mühitinin formalaşmasına səbəb ola bilər. “Diplomatiyanın taleyi tərəflərin strateji səbrindən və kompromisə hazırlığından asılı olacaq. Əks halda, Vaşinqton–Tehran xətti qlobal təhlükəsizlik üçün yeni risk ocağına çevrilə bilər”, – deyə o qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
16
50
icma.az

10Источники