RU

Trampın NATO-nu dağıtmaq planı və "qiyamət günü" ssenarisi: ABŞ "qoca qitə" üçün taleyüklü geri sayımı artıq başladıb

Tramp administrasinda ilkin mərhələ üçün ABŞ qoşunlarının, Yaxın Şərqdəki hərbi əməliyyatlarda Ağ Evə dəstək verməyən ölkələrdən çıxarılaraq, daha pozitiv mövqe tutan dövlətlərin ərazilərində yerləşdirilməsi ilə bağlı variantı daha ön plana çıxartmağa başlayıb... Qərb mənbələrinin iddialarına görə, Ağ Evin bu təşəbbüsü Avropadan olan NATO üzrə hərbi müttəfiqlərə siyasi-psixoloji təzyiq variantıdır və həmin ölkələri ABŞ ilə birgə hərbi proseslərdə daha aktiv şəkildə iştirak etmək məcburiyyətində buraxmaq məqsədi daşıyır...

Yaxın Şərq savaşı və onun mövcud nəticələri qlobal məkanda qarşılıqlı münasibətlər sisteminə sarsıdıcı zərbələr vurmağa başlayıb. Belə ki, bu savaş ucbatından ABŞ-ın kollektiv Qərb düşərgəsinə daxil olan bəzi nüfuzlu dövlətlərlə münasibətləri ciddi şəkildə korlanıb. Çünki Ağ Evin NATO üzrə hərbi müttəfiqləri olan Avropa ölkələri, xüsusilə də, İspaniya, İtaliya, Böyük Britaniya, Fransa və s. dövlətlər ABŞ-a öz ərazilərindəki hərbi bazalardan Yaxın Şərq savaşında istifadə icazəsi verməyiblər. Və bu, ABŞ-ın Tramp administrasiyası tərəfindən kəskin etirazla qarşılanıb.

Onu da qeyd etmək lazımdır ki, Avropa ölkələri Yaxın Şərqdəki hərbi böhrana münasibətdə öz mövqelərini “Bu, bizim savaşımız deyil” tezisi ilə arqumentləşdirməyə çalışır. “Qoca qitə” ölkələri bu savaşa hər hansı səbəbdən bulaşmaq niyyətində olmadıqlarını qətiyyən gizlətmirlər. Ona görə də, Tramp administrasiyası ABŞ-ın NATO üzrə müttəfiqi olan bu ölkələri öz öhdəliklərini yerinə yetirməməkdə suçlayırlar. Və indi Ağ Evdə hesab edirlər ki, əgər, NATO ölkələri müttəfiqlik öhdəliklərindən yayınırlarsa, onda, ABŞ-ın da transatlantik alyansda qalması üçün elə bir ciddi səbəb yoxdur.

Məsələ ondadır ki, Yaxın Şərq savaşının transatlantik məkana neqativ təsirləri yalnız ayrı-ayrı Qərb dövlətlərinin ABŞ-a hərbi dəstəkdən imtina etməsi ilə məhdudlaşmır. Belə ki, NATO bütövlükdə Yaxın Şərqdə baş verən hadislərdən məsafə saxlamağa hesablanmış addımlar atır. Bu hərbi-siyasi alyans hətta Yaxın Şərq savaşına aid areala daxil olan İraqdakı hərbi kontingentini də geri çəkib. NATO-dakı mənbələr bu önəmli qərarı məhz Yaxın Şərqdəki hərbi vəziyyətin gərginləşməsi ilə izah edirlər. Və NATO-nun geri çəkilmə planına Türkiyə, eləcə də, İraqdakı NATO hərbi missiyasında iştirak edən digər müttəfiq ölkələr də dəstək veriblər.

68fbc5d0-b47f-4781-9802-8a1f7b88e5cc.jpg

Maraqlıdır ki, bütün bu baş verənlərdən ciddi şəkildə narazı qalan prezident Donald Tramp ABŞ-ın NATO-dan çıxması ilə bağlı mövzunu az qala icra edilmə səviyyəsinə qədər inkişaf etdirməyə nail olub. Ağ Ev sahibi bu məsələni hətta NATO-nun baş katibi Mark Rütte ilə də müzakirə edib. Bu isə o deməkdir ki, ABŞ və NATO arasında siyasi-ideoloji uçurum artıq böyük sürətlə dərinləşməyə başlayıb. Və bu, Ağ Evin radikal qərar verəcəyi təqdirdə, NATO-nun gələcək taleyinə həlledici səviyyədə neqativ təsir göstərə biləcəyi də qətiyyən istisna deyil.

Digər tərəfdən, Tramp administrasiyası ABŞ-ın NATO-dan çıxma ideyasını əsasən məhz transatlantik alyansdakı hərbi müttəfiqlərin öz öhdəliklərindən imtina etməsi ilə arqumentləşdirməyə çalışsa da, bu mövzuda tamamilə fərqli iddialar da gündəmə gəlməyə başlayıb. Belə ki, ABŞ-ın Terrorizmə Qarşı Milli Mərkəzinin (NCTC) keçmiş rəhbəri Co Kent prezident Donald Trampın NATO-dan çıxmaq niyyətini sensasian səbəblə bağlayıb. Onun iddialarına görə, ABŞ NATO-dan çıxmaq qərarı verərsə, bu, xarici münaqişələrdən yayınmaq anlamı daşımayacaq.

Amerikalı keçmiş kəşfiyyat məmurunun fikrincə, ABŞ əslində, NATO-dan Suriyada Türkiyə-İsrail toqquşması olacağı təqdirdə, məhz İsrailə dəstək vermək imkanı qazanmaq üçün çıxmağa çalışır. İndiki situasiyadasa, ABŞ-ın ehtimal olunan Türkiyə-İsrail hərbi münaqişəsinə müdaxilə etməsi yolverilməz xarakter daşıyır. Çünki həm ABŞ, həm də Türkiyə NATO üzvü olduqlarından hərbi müttəfiq hesab edilirlər. Və bu reallıq isə Ağ Evi Türkiyəni dəstəkləmək, yaxud da heç olmasa, neytral qalmaq məcburiyyətində buraxa bilər.

1234WhatsApp

Onu da qeyd etmək lazımdır ki, Qərb mənbələri ABŞ-ın NATO-dan çıxmaq niyyətinin hazırda kifayət qədər ciddi olduğunu da birmənalı şəkildə vurğulayırlar. Hətta “The Wall Street Journal”ın məlumatına görə, Tramp administrasiyası NATO ölkələrindəki hərbi mövcudluğunu artıq yenidən nəzərdən keçirməyi düşünür. Tramp administrasindakı ilkin müzakirələrdə ABŞ qoşunlarının Yaxın Şərqdəki hərbi əməliyyatlarda Ağ Evə dəstək verməyən ölkələrdən çıxarılaraq, daha pozitiv mövqe tutan dövlətlərin ərazilərində yerləşdirilməsi əsas təşəbbüslərdən biri kimi ön plana çıxır.

Qərb mənbələrinin iddialarına görə, Ağ Evin bu təşəbbüsü Avropadan olan NATO üzrə hərbi müttəfiqlərə siyasi-psixoloji təzyiq variantı kimi görünür. Həmin ölkələri ABŞ ilə birgə hərbi proseslərdə daha aktiv şəkildə iştirak etmək məcburiyyətində buraxmaq məqsədi daşıyır. Verilən məlumata görə, hələlik ilkin addımlar kimi, ən azı bir neçə Avropa ölkəsinin ərazisindəki ABŞ hərbi bazasının bağlanma imkanları nəzərdən keçirilir. ABŞ-ın hərbi mövcudluğunun yeni bölgüsündən Polşa, Rumıniya, Litva və Yunanıstan kimi ölkələrin faydalana biləcəyi ehtimal olunur. Və bu isə ABŞ hərbi bazalarının məhz Rusiyanın qərb sərhədlərinə daha yaxın coğrafiyada cəmləşməsinə gətirib, çıxara bilər.

Onu da qeyd etmək lazımdır ki, Qərb siyasi məkanında bütün bu proseslər böyük diqqət və narahatlıqla izlənilir. Xüsusilə də, Avropa ölkələri ABŞ-ın atacağı bəzi addımların “qoca qitə”ni Rusiya qarşısında daha zəif müdafiə sistemi ilə buraxa biləcəyinə çəkinirlər. Hətta bu barədə mövqeyini ifadə edən prezident Volodimir Zelenski ABŞ-ın NATO-dan çıxacağı təqdirdə, Avropa ölkələrinin Ukrayna və Türkiyəyə möhtac qala biləcəyini vurğulayıb. Və onun fikrincə, bu iki ölkə olmadan, Avropa dövlətləri təhlükəsizlik baxımından, öz hərbi potensiallarını heç bir halda, Rusiya ilə müqayisə etmək imkanına malik olmayacaqlar.

514758a4-4c84-43a1-ba1e-427449b2b0e5.jpg

Ukrayna prezidenti onu da vurğulayıb ki, əgər, ABŞ NATO-nu tərk edərsə, Avropa qitəsinin təhlükəsizlik arxitekturası çox ciddi dəyişikliklərə məruz qala bilər. Prezident Volodimir Zelenskinin qənaətinə görə, bu halda, əsas müdafiə yükü məhz Avropa Birliyinin üzərinə düşəcək. Ancaq indiki tərkibdə Avropa Birliyi belə bir ağır hərbi missiyanın öhdəsindən gəlmək imkanından uzaqdır. Ona görə də, o, ən optimal çıxış yolu kimi, məhz Avropa Birliyinin Böyük Britaniya, Ukrayna, Türkiyə və Norveçin üzvlüyü ilə genişləndirilərək, hərbi cəhətdən gücləndirilməsinə yönəlik çağırış edib.

Maraqlıdır ki, prezident Volodimir Zelenski Böyük Britaniya, Ukrayna və Türkiyə ordularının birlikdə Rusiyadan daha güclü olduğunu düşünür. Onun fikrincə, bu ölkələrin ortaq hərbi gücü sayəsində dənizlərə nəzarət etmək, hava məkanını qorumaq və ən böyük quru qoşunlarına sahib olmaq mümkündür. Ukrayna lideri vurğulayıb ki, Kreml 2030-cu ilə qədər Rusiya ordusunun sayını 2,5 milyon nəfərə çatdırmağı planlaşdırır. Və ona görə də, Rusiyadan müdafiə olunmaq problemi ilə üzləşən ölkələr, o cümlədən də, Avropa dövlətləri üçün təhlükəsizlik hədəfləri birinci, iqtisadi-ticari proseslər isə ikinci sırada yer almalıdır.

Göründüyü kimi, ABŞ-ın NATO-dan çıxmaq istiqamətində hərəkətə keçməsi Avropa qitəsində ciddi narahatlıq üçün əsaslar yaradır. Ona görə də, “qoca qitə” ölkələri məhz bu ehtimalın reallaşma variantına elə indidən hazırlaşmaq məcburiyyətində qalıblar. Çünki bu ehtimal reallaşacağı təqdirdə, yalnız NATO-nun gələcək taleyi deyil, həm də Avropa ölkələrinin hərbi təhlükəsizlik maraqları olduqca ciddi risk altında qala bilər. Və bu baxımdan, Avropa ölkələri ən optimal təhlükəsizlik sisteminin qurulması üzrə operativ addımlar atmalı olacaqlar.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Избранный
10
musavat.com

1Источники