RU

Yaşlanmaya bağlı görmə itkisi riskini azaldan məhsullar müəyyən edilib

Süd məhsullarından qəbul edilən yüksək miqdarda kalsium yaşlı insanlarda görmə itkisinin əsas səbəblərindən biri hesab olunan yaşa bağlı makula degenerasiyası riskini azaldır.

Editor.az xəbər verir ki, bu nəticəyə çinli alimlər gəliblər. Tədqiqatın nəticələri Food & Function (F&F) jurnalında dərc olunub.

Makula degenerasiyası mərkəzi görməyə cavabdeh olan və “makula” adlanan nahiyəni zədələyən xroniki tor qişa xəstəliyidir. Xəstəlik adətən 55 yaşdan sonra inkişaf edir və qadınlarda kişilərlə müqayisədə təxminən iki dəfə daha çox müşahidə olunur.

Makula degenerasiyasının quru formasında zülal və yağlardan ibarət sarımtıl çöküntülər, druzalar tor qişada toplanaraq normal qan dövranını pozur. Xəstəliyin yaş formasında isə makulada yeni qan damarları yaranmağa başlayır ki, bu da şişkinlik və qanaxmalara səbəb olur.

Araşdırmada bu diaqnoz qoyulmuş xəstələr və sağlam könüllülər daxil olmaqla ümumilikdə 568 nəfər iştirak edib. Alimlər iştirakçıların qidalanma vərdişlərini təhlil edərək kalsium qəbulu ilə görmə qabiliyyəti arasındakı əlaqəni müqayisə ediblər. Məlum olub ki, daha çox kalsium qəbul edən şəxslərdə xəstəliyə tutulma riski demək olar ki, iki dəfə azdır.

Ən nəzərəçarpan təsir kalsiumu süd məhsullarından qəbul edən iştirakçılar arasında müşahidə olunub. Xüsusilə süd və yoqurtun müntəzəm istehlakı makula degenerasiyası riskinin əhəmiyyətli dərəcədə azalması ilə əlaqələndirilib. Bu təsir ilkin kalsium qəbulu aşağı olan şəxslərdə (gündə 2000 kilokalori üçün 800 mq-dan az) daha güclü olub.

Lakin quru süddən, eləcə də tərəvəz və paxlalılar kimi bitki mənşəli mənbələrdən alınan kalsiumun xəstəlik riski üzərində statistik baxımdan əhəmiyyətli təsir göstərmədiyi müəyyən edilib.

Müəlliflər vurğulayırlar ki, əldə olunan nəticələr birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir. Bununla belə, araşdırma yaşa bağlı göz xəstəliklərinin qarşısının alınmasında qidalanmanın mümkün rolunu göstərir. Xüsusilə kalsium çatışmazlığı olan şəxslər üçün süd məhsullarının rasiona əlavə edilməsi sağlam görmənin qorunmasının sadə və əlçatan yollarından biri ola bilər.

//Gülnarə Abasova, Editor.az

Избранный
22
editor.az

1Источники