“Riyaziyyata Rəqəmsal Addım” layihəsi şagirdlər üçün innovativ öyrənmə mühiti yaratmağa davam edir.
Təhsildə rəqəmsal yanaşmaların tətbiqini təşviq edən “Riyaziyyata Rəqəmsal Addım” layihəsinin əsas məqsədi III sinif şagirdlərinin riyaziyyat üzrə bilik və bacarıqlarını artırmaq, onların rəqəmsal və interaktiv təlim mühitində öyrənmə imkanlarını genişləndirməkdir.
Layihə çərçivəsində müasir onlayn təhsil platforması olan Khan Academy əsasında dərslər təşkil olunub. Ümumilikdə 20 nəfər III sinif şagirdinin cəlb olunduğu layihə 2 qrup üzrə həyata keçirilib.
Təlimlərə başlamazdan əvvəl şagirdlərin mövcud bilik səviyyəsini müəyyənləşdirmək məqsədilə diaqnostik qiymətləndirmə imtahanı təşkil edilib. Tədris prosesi ərzində şagirdlər riyaziyyat mövzularını interaktiv şəkildə mənimsəyərək həm nəzəri biliklərini möhkəmləndirib, həm də rəqəmsal alətlərdən istifadə bacarıqlarını inkişaf etdiriblər.
Təlimlərin sonunda şagirdlərin əldə etdiyi nəticələrin qiymətləndirilməsi məqsədilə yekun imtahanın keçirilməsi nəzərdə tutulur. Bu yanaşma layihənin effektivliyini ölçməyə və əldə olunan irəliləyişləri müqayisəli şəkildə təhlil etməyə imkan verəcək.
Layihənin son mərhələsində isə nəticələrin təqdim olunacağı bağlanış tədbirinin təşkili planlaşdırılır.
Qeyd edək ki, layihə Əfsanə Xəlilova-Şirinova tərəfindən Zərdab rayonu Həzi Aslanov adına 3 saylı tam orta ümumtəhsil məktəbində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant Müsabiqəsi çərçivəsində həyata keçirilir.









