RU

İsti çaya bal əlavə etmək olarmı? - Milyonların inandığı bu mif

İnsanlar arasında geniş yayılan “mifə” görə, balı isti çaya əlavə etmək onun zəhərə çevrilməsinə səbəb olur və belə içki kanserogen sayılır.

HİT.az xəbər verir ki, bu düşüncəyə əsasən, bal yalnız çay soyuduqdan sonra əlavə edilməlidir, əks halda onun faydalı xüsusiyyətləri itir və məhsul “ölü” maddəyə çevrilir.

Bu fikrin köklərinin çox güman ki, hind ənənəvi Ayurveda təliminə qədər uzandığı bildirilir. Müasir təsəvvürlərdə isə əsas arqument ondan ibarətdir ki, bal qızdırıldıqda onun tərkibində oksimetilfurfurol (qısaca OMF) əmələ gəlir və bunun sağlamlıq üçün zərərli olduğu iddia edilir.

Lakin “PubMed” platformasında dərc olunmuş elmi araşdırmalar bu yayılmış fikri tam şəkildə təsdiqləmir. Alimlər müəyyən ediblər ki, OMF həqiqətən balın tərkibində mövcuddur, lakin bu maddənin yaranması təkcə qızdırılma ilə bağlı deyil.

Birincisi, OMF balda yalnız istilik nəticəsində deyil, həm də uzunmüddətli saxlanma zamanı toplanır. Məhsul nə qədər köhnədirsə, onun tərkibində bu maddənin miqdarı da bir o qədər çox olur.

İkincisi, OMF təkcə balda deyil, bir çox gündəlik qida məhsullarında da mövcuddur. Məsələn, həll olunan qəhvə, şirələr, çörək və müxtəlif bişmiş məhsullar, quru səhər yeməkləri, pivə, süd məhsulları və şokoladda da bu birləşməyə rast gəlinir. Yəni insan orqanizmi onsuz da gündəlik qidalanma ilə OMF qəbul edir.

Üçüncüsü, oksimetilfurfurolun yalnız zərərli deyil, müəyyən potensial faydalı xüsusiyyətlərinin də olduğu qeyd olunur. Onun təsiri tam öyrənilməsə də, bəzi məlumatlara görə antioksidant və anti-allergik xüsusiyyətlər göstərə bilər.

Beləliklə, balın isti çaya əlavə olunmasının onu zəhərə çevirdiyini iddia etmək elmi baxımdan doğru deyil. Sadəcə qızdırma nəticəsində onun faydalı xüsusiyyətləri zəifləyə bilər.

Balın faydalı xüsusiyyətlərini maksimum qorumaq üçün onu 40°C-dən yüksək olmayan içkilərə əlavə etmək tövsiyə olunur. Bu temperaturdan yuxarıda fermentlər və bəzi vitaminlər parçalanmağa başlayır.

Qaynar çaya bal əlavə edildikdə isə o, sadəcə şirinləşdirici siropa çevrilir və bu halda onun faydası xeyli azalır, lakin sağlamlığa xüsusi zərər də vermir.

Samir

Избранный
7
hit.az

1Источники