RU

Məhkəmə həmkəndlisinin evinə basqın edən şəxslə bağlı qərar çıxardı

Ali Məhkəmədə quldurluq, oğurluq və oğurluğa cəhddə təqsirləndirilən V.Cəfərovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


İttihama görə, təkrarən və tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə quldurluq cinayəti törədib. Hadisə 17 avqust 2022-ci il tarixdə, saat 01:30 radələrində Salyan rayonunun Yenikənd kəndi ərazisində qeydə alınıb.


Belə ki, V.Cəfərov həmkəndlisi olan zərərçəkmiş S.S.-in (adı, soyadı şərtidir) yaşadığı fərdi yaşayış evinə gecə saatlarında pəncərədən daxil olmaqla qanunsuz şəkildə girib. O, əvvəlcədən özgənin xeyli miqdarda – 9000 manat pul vəsaitini ələ keçirmək niyyəti ilə hərəkət edib.


Hadisə zamanı ev sahibinin onu görməsinə baxmayaraq, təqsirləndirilən şəxs cinayətkar niyyətindən əl çəkməyib. Əksinə, S.S.-ə qarşı hücuma keçərək onun həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq edib. Bu zaman o, özü ilə gətirdiyi dəmir lingdən silah qismində istifadə edərək zərərçəkmişin baş, sol qulaq və döş qəfəsinin arxa nahiyələrinə ardıcıl zərbələr endirib. Nəticədə S.S. başın təpə nahiyəsinin yarası, sol qulaq seyvanının və döş qəfəsinin arxa səthinin qançırları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri alıb.


Bununla belə, zərərçəkmiş şəxsin aktiv müqavimət göstərməsi və qışqıraraq kömək çağırması V.Cəfərov planlarını tam həyata keçirməsinə mane olub. İfşa olunacağından ehtiyat edən şəxs hadisə yerindən qaçaraq uzaqlaşıb.


Beləliklə, təqsirləndirilən şəxs zor tətbiq etməklə özgənin əmlakını ələ keçirməyə cəhd etməklə quldurluq cinayəti törətməkdə ittiham olunur.


Bundan başqa, V.Cəfərov həmin kənd ərazisində bir neçə oğurluq və oğurluğa cəhd hadisələri də törədib.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından narazı qalan məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
 

Kamal Məmmədov 

Tarix: 16 Aprel 2026, 10:36   
Избранный
31
pravda.az

1Источники