RU

Bank Olmayan Kredit Təşkilatının meneceri ilə bağlı QƏRAR

Ali Məhkəmədə mənimsəmə, dələduzluq və vəzifə saxtakarlığında təqsirləndirilən B.Orucəliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, Şabran Rayon Məhkəməsinin hökmü və bununla əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 3.1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 66.2-ci maddəsi ilə məhkuma əsas cəza kimi təyin edilmiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılıb.


İttihama görə, B.Orucəliyev Bank Olmayan Kredit Təşkilatlarından (BOKT) birinin menecer vəzifəsində işləyib. O, çalışdığı müddətdə vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə bir sıra qanunsuz əməllər törədib.


Belə ki, B.Orucəliyevin etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirdiyi, ona etibar edilmiş əmlakı təkrarən mənimsədiyi, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək hüquqi şəxsin qanunla qorunan mənafelərinə mühüm zərər vurduğu müəyyən edilib.


Araşdırmalarla müəyyən olunub ki, təqsirləndirilən şəxs BOKT-nin Şabran şəhəri, Heydər Əliyev prospekti 4B ünvanında yerləşən filialında 2023-cü il ərzində filial meneceri vəzifəsində çalışıb. O, maddi məsul şəxs kimi filialın əmlakının qorunması, pul vəsaitlərinin uçotu və saxlanılması, daxili prosedurların icrasına nəzarət, həmçinin rəhbərliyin göstərişlərinin yerinə yetirilməsinə cavabdeh olub.


Lakin istintaqın mövqeyinə görə, o, üzərinə düşən vəzifələri pozaraq şəxsi maraqlarını təmin etmək məqsədilə qanunsuz hərəkətlərə yol verib. Belə ki, B.Orucəliyev 2023-cü il tarixli kredit və girov müqaviləsi əsasında müştəri adına rəsmiləşdirilmiş 740 manat məbləğində kredit borcunun tam bağlanacağı barədə yalan vəd verərək zərərçəkmiş şəxsi aldadıb. Bu məqsədlə o, həmin məbləği heç bir rəsmi sənədləşmə aparmadan qəbul edib.


Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxs əldə etdiyi 740 manat pul vəsaitini təyinatı üzrə istifadə etməyərək şəxsi ehtiyaclarına sərf edib. Bununla da o, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib.


Bundan əlavə, onun vəzifəli şəxs kimi təkrarən rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətdiyi də istintaq materiallarında öz əksini tapıb.


Beləliklə B.Orucəliyev BOKT qarşısında ümumilikdı 4502 manat məbləğində öhdəliyinin yaranmasına şərait yaradıb fiziki və hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə saxtakarlığı edib.


Kamal Məmmədov 

Tarix: 16 Aprel 2026, 10:16   
Избранный
21
pravda.az

1Источники