RU

Orbandan sonra Brüsselin maskasını yırtıldı: Ukrayna bəhanəsi bitdi

Orbanın məğlubiyyəti Avropanın “bəhanə divarı”nı çökdürür

Macarıstanda Viktor Orbanın 16 illik hakimiyyətinin sona çatması təkcə Budapeştdə hakimiyyət dəyişikliyi deyil, həm də Avropanın geosiyasi ritorikasında yeni mərhələnin başlanğıcıdır.

Seçkilərdən sonra Brüsseldə ilk reaksiyalar bunu “Avropanın qələbəsi”, “vahid xarici siyasət üçün yeni imkan” kimi təqdim etdi. Xüsusən Ukrayna məsələsində Orbanın vetoları illərdir Aİ daxilində qərarların ləngiməsinin əsas səbəbi kimi göstərilirdi. Onun gedişi ilə bu arqumentin böyük hissəsi sıradan çıxır. Avropa rəsmiləri artıq Ukraynaya maliyyə dəstəyi, sanksiyalar və Kiyevin Aİ inteqrasiyası istiqamətində daha sürətli qərarlar gözləyirlər. Hətta Brüsseldə 90 milyard avroluq Ukrayna paketi ilə bağlı blokajın açılacağı barədə açıq nikbinlik var. 

Lakin məsələnin ikinci və daha dərin qatı var: Orbanın məğlubiyyəti Avropanı bəhanəsiz qoyur. İndiyədək bir çox Avropa paytaxtı Ukrayna məsələsində ehtiyatlı davranışını Macarıstanın vetosu ilə pərdələyə bilirdi. Reallıq isə fərqli idi. Belə ki, Aİ daxilində Ukraynanın sürətli üzvlüyünə skeptik yanaşan, kənd təsərrüfatı, təhlükəsizlik, iqtisadi yük və Rusiyayla enerji balansı səbəbindən tərəddüd edən çox sayda ölkə mövcud idi. Orban sadəcə bu tərəddüdlərin görünən siması idi. Onun siyasi səhnədən çəkilməsi Brüsseli “istəmədiklərini etməyə məcbur edən maneə” arqumentindən məhrum edir. Bu isə qarşıdakı aylarda Avropanın real siyasi iradəsini daha açıq göstərəcək. 

Bu kontekstdə NATO ilə bağlı müzakirələr də yeni məzmun alır. “NATO-nun niyə faktiki olaraq öldüyü” tezisi emosional səslənsə də, analitik mənada bunu belə oxumaq olar: alyans daxilində strateji birliyin zəifləməsi, üzvlər arasında Ukrayna və Rusiya siyasəti üzrə dərin fikir ayrılıqları, ABŞ-Avropa təhlükəsizlik yükünün qeyri-bərabər paylaşılması artıq struktur böhranın əlamətləridir. Orban bu böhranın səbəbi deyildi, sadəcə  görünən simptomlarından biri idi. Onun məğlubiyyəti problemi aradan qaldırmır, əksinə gizli çatları daha görünən edir.

Türk dünyası və Azərbaycan üçün Orbanın xüsusi çəkisi

Viktor Orban türk dünyası üçün sıradan Avropa siyasətçisi deyildi. O, Macarıstanın tarixi-hun kökləri üzərindən Türk Dövlətləri Təşkilatı ilə xüsusi siyasi yaxınlıq qurmuş, Budapeşti təşkilatın Avropadakı strateji qapılarından birinə çevirmişdi. Macarıstanın müşahidəçi statusu formal diplomatik jestdən daha artıq idi — bu, Orta Dəhliz, enerji təhlükəsizliyi, nəqliyyat və geosiyasi balans baxımından praktik platforma idi.

Azərbaycan üçün isə Orbanın əhəmiyyəti daha da böyük idi. Budapeşt Bakı ilə münasibətlərdə daim praqmatik xətt tutdu, enerji marşrutları, Orta Dəhliz, Cənub Qaz Dəhlizi və Avropa-Asiya bağlantılarında Azərbaycanı etibarlı tərəfdaş kimi gördü. Orban dövründə Macarıstan Aİ daxilində Azərbaycana qarşı sərt ideoloji yanaşmalardan uzaq qalan azsaylı mərkəzlərdən biri idi. Bu baxımdan onun gedişi Azərbaycan üçün Avropada bir siyasi “anlayış kanalı”nın zəifləməsi kimi də qiymətləndirilə bilər.

Avropanın həqiqət saatı başlayır

Orbanın məğlubiyyəti Brüssel üçün rahatlıq yaratsa da, bu rahatlıq uzunmüddətli olmaya bilər. Çünki artıq Avropa öz qərarsızlığını, Ukrayna ilə bağlı ehtiyatlarını və təhlükəsizlik arxitekturasındakı boşluqları başqa bir liderin üzərinə ata bilməyəcək. Bu, sözün əsl mənasında Avropanın həqiqət saatıdır.

Türk dünyası və Azərbaycan üçün isə bu dəyişiklik diqqətlə izlənməlidir. Çünki Orban təkcə Macarıstanın lideri deyil, Avropa ilə türk geosiyasi məkanı arasında ideoloji və strateji körpü rolunu oynayan fiqur idi. Onun siyasi səhnədən çəkilməsi bu körpünün zəifləməsinə səbəb ola bilər. Amma eyni zamanda yeni Budapeşt hakimiyyətinin də praqmatik xətti davam etdirib-etdirməyəcəyi Bakı üçün mühüm diplomatik test olacaq.

Mürtəza Bünyadlı

Избранный
8
3
azreform.info

4Источники