RU

Azərbaycan Latviya ilə ticarət və aqrar əməkdaşlığı genişləndirməyi planlaşdırır

ŞUŞA, 15 aprel. TELEQRAF

Azərbaycan Latviya ilə iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının 9-cu iclasında çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, Latviya ilə ticarət dövriyyəsinin artırılması və şaxələndirilməsi üçün geniş imkanlar mövcuddur. O qeyd edib ki, biznes forumlarının təşkili, ixrac məhsulları üzrə məlumat mübadiləsi və beynəlxalq sərgilərdə fəal iştirak işgüzar əlaqələrin inkişafına mühüm töhfə verə bilər.

Məcnun Məmmədov çıxışında Orta Dəhlizin strateji əhəmiyyətinə də toxunub. Onun sözlərinə görə, bu marşrut Avropa ilə Mərkəzi Asiya və Çini birləşdirən etibarlı nəqliyyat xətti kimi tərəfdaş ölkələr üçün yeni imkanlar yaradır.

Nazir vurğulayıb ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi də prioritet istiqamətlərdəndir. Xüsusilə heyvandarlıq, südçülük və meşəçilik sahələrində Latviyanın təcrübəsi Azərbaycanın maraq dairəsindədir. O əlavə edib ki, innovativ aqrar sistemlərin tətbiqi məhsuldarlığın artırılmasına və ətraf mühitə təsirin azaldılmasına xidmət edəcək.

Ərzaq təhlükəsizliyinin qlobal çağırış olaraq qaldığını bildirən nazir bu sahədə birgə fəaliyyətin vacibliyini qeyd edib. Azərbaycan kənd təsərrüfatında rəqəmsallaşma və “yaşıl transformasiya” istiqamətində addımlarını davam etdirir.

Rəqəmlərə gəlincə, 2025-ci ildə Azərbaycanın Latviyadan kənd təsərrüfatı və emal məhsulları idxalı 10,4 milyon ABŞ dolları təşkil edib. İdxalın əsas hissəsini süd məhsulları, şəkər siropları və balıq məhsulları təşkil edib. Eyni dövrdə Azərbaycanın Latviyaya ixracı 3,1 milyon ABŞ dolları olub ki, bunun da əsasını fındıq, alkoqollu içkilər və təzə meyvələr təşkil edib.

Избранный
25
teleqraf.com

1Источники