RU

80 manat müavinət alan veteranlar 2021-ci ildən 2 dəfə çoxalıb - qəribə deyil?..



Rəşad Həsənov: "Sonrakı dövrlərdə müvafiq əməliyyatlarda iştirak edən şəxslərə münasibətdə müharibədə iştirak hüququnun tanınması prosesi bu sayın kəskin şəkildə artmasını şərtləndirən əsas amildir"

Azərbaycanda 2026-cı ildə aylıq 80 manatlıq Prezident təqaüdü alan müharibə veteranlarının sayı 182 961 nəfərdir və bu məqsədlə hər ay ümumilikdə 14 636 880 manat vəsait ödənilir. Son illərlə müqayisədə veteranların sayında artım müşahidə olunub. Belə ki, 2025-ci ildə 184 696, 2024-cü ildə 183 967, 2023-cü ildə 182 176 nəfər olub. 2022-ci ildə bu rəqəm 95 417, 2021-ci ildə isə 94 915 nəfər təşkil edib və 2021–2025-ci illər ərzində təxminən iki dəfə artım qeydə alınıb.

Bakı şəhərində hazırda 41 594 veteran bu təqaüdü alır. Paytaxt üzrə ən çox veteran Xətai rayonunda, ən az isə Pirallahı rayonunda qeydiyyatdadır. Regionlar üzrə ən çox təqaüd alanlar Qazax-Tovuz iqtisadi rayonunda 19 431 nəfərdir, ən aşağı göstərici isə Dağlıq Şirvan iqtisadi rayonunda 4 988 nəfərdir. Şəhərlər arasında Sumqayıt və Gəncə ən yüksək göstəricilərə malikdir, ən aşağı rəqəmlər isə Sədərək və Xızı rayonlarında qeydə alınıb.

Dörd il ərzində müharibə veteranlarının sayının iki dəfə artmasının səbəbi nə ola bilər?

İqtisadçı Rəşad Həsənov “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanda müharibə veteranlarının sayının artması 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi və 2023-cü il bir günlük antiterror əməliyyatı ilə əlaqədardır. Onun sözlərinə görə, sonrakı dövrlərdə həmin əməliyyatlarda iştirak edən şəxslərə müharibə iştirakçısı statusunun verilməsi bu artımın əsas səbəbidir.

İqtisadçı qeyd edib ki, 2021-ci ilə qədər bu sosial qrupun sayı əsasən Birinci Qarabağ müharibəsi və sonrakı dövrlərdə baş verən ayrı-ayrı lokal münaqişələrdə iştirak edən şəxslər hesabına formalaşıb. Lakin 2021-ci ildən sonra müşahidə olunan kəskin artım 2020-ci il İkinci Qarabağ müharibəsi və 2023-cü il antiterror əməliyyatında iştirak edən şəxslərin bu kateqoriyaya daxil edilməsi ilə bağlıdır.

Ekspertin vurğuladığı kimi, 2021-ci ilin əvvəllərində İkinci Qarabağ müharibəsində iştirak edən vətəndaşların əksəriyyəti hələ qeydiyyata alınmamışdı və sənədləşmə prosesi müəyyən müddət ərzində davam edib. Sonrakı dövrlərdə isə lokal toqquşmalar və 2023-cü ildə keçirilən bir günlük antiterror əməliyyatı veteranların sayının artmasına əlavə təsir göstərib.

Dəniz NƏSİRLİ

Избранный
29
baki-xeber.com

1Источники