RU

Bu sektorda çalışanların sayı niyə azalır?

“İl ərzində 24 min muzdla çalışanın azalması elə də böyük rəqəm deyil. Bunların arasında təqaüdə çıxanlar yaxud dünyasını dəyişənlər də var. Amma müşahidə olunan azalmanın birbaşa dövlət sektoru ilə də əlaqəsi yoxdur”.

Bu sözləri “Yeni Sabah”a iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, işçilərin sayı daha çox özəl sektorda azalıb:

“Ən azı son ayları götürsək, ilin əvvəlindən bəri dövlət sektorunda çalışanların sayında artım müşahidə olunub. İlin əvvəlində 861 min nəfər dövlət sektorunun müxtəlif qurumlarında çalışırdısa, hazırda bu say 870 mini ötüb. Yəni 1,1% artım var.

Özəl sektorda isə ilin əvvəlinə nisbətən azalma müşahidə olunur. Təqribən 7200 nəfər, yaxud 0.8%. İşləyənlərin sayının azalması birbaşa ixtisarlarla bağlı deyil, amma təbii ki, ixtisarların müəyyən təsiri var”.

Ekspert vurğulayıb ki, müşahidə olunan azalma təhlükəli tendensiyadan xəbər verir:

“Muzdla çalışanların sayının azalması daha çox özəl sektordadır. Bu isə daha təhlükəli tendensiyadır. Deməli, özəl sektorun işçi qüvvəsi, məşğulluq səviyyəsi zəifləyib. Çünki vergilər artıb. Özəl sektordan çalışanların maaşından yanvarın 1-dən 3, gələn ildən 5, sonrakı ildən isə 7 faiz gəlir vergisi tutulacaq”.

Xatırlatma: martın 1-nə olan rəsmi məlumata görə, Azərbaycanda əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 784 min nəfər olub. Onların 870 min 600 nəfəri dövlət, 913 min 400 nəfəri isə özəl sektorda işləyir.

İlin əvvəlində əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 808 min 500 nəfər idi. Rəqəmlər göstərir ki, ilin ilk iki ayı ərzində işçilərin sayı 24 min nəfər azalıb.

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
38
yenisabah.az

1Источники