Xalq artisti, dünyaşöhrətli tenor Yusif Eyvazov "La Skala" səhnəsində çıxış edərək Cakomo Puççininin "Turandot" operasında "Kələf partiyasını" ifa edib.
Tenorun Mətbuat Xidmətindən verilən məlumatda qeyd olunur ki, qeyd olunan partiya dünya opera repertuarının ən mürəkkəb və prestijli tenor rollarından biri hesab olunur.
"La Skala"da təqdim olunan "Turandot" tamaşasının quruluşçu rejissoru Davide Livermoredir. Tamaşa genişmiqyaslı səhnə həlli və dinamik quruluşu ilə seçilir. Səhnənin daim hərəkətdə olması ifaçılardan həm vokal, həm də fiziki hazırlıq tələb edir. Dirijor pultu arxasında Nicola Luisotti yer alıb. Tamaşada, həmçinin Eva Plonka və Mariancela Sitsiliya çıxış ediblər.


Qeyd olunub ki, "Kələf partiyası" Yusif Eyvazovun repertuarında xüsusi yer tutur və onun əsas səhnə rollarından biri hesab olunur. Sənətçi bu partiyanı dünyanın aparıcı opera səhnələrində, o cümlədən Metropolitan Opera teatrında (2015-ci ildə debüt edib), həmçinin London, Sankt-Peterburq, Berlin və Arena di Verona səhnələrində ifa edib.
Çıxışdan sonra açıqlama verən Yusif Eyvazov səhnə tərəfdaşlarının peşəkarlığını xüsusi qeyd edib.
"Bu, çox kreativ quruluşdur, səhnədə çoxlu sayda insan və daim hərəkətdə olan dekorasiyalar var. Həm hərəkət edib, həm də vokal dəqiqliyini qorumaq lazımdır - bu, asan deyil. Çox vacibdir ki, səhnədə yanında yüksək səviyyəli peşəkarlar olsun. Biz bir-birimizlə bağlıyıq, ortaq iş görürük və bu uyğunluq çox şeyi müəyyən edir", - deyə Y.Evazov bildirib.



"Cebheinfo.az"