Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakı, 15 aprel, AZƏRTAC
BMT-nin Baş katibi Antonio Quterreş Yaxın Şərqdəki vəziyyəti xüsusi vurğulayaraq, dünyada beynəlxalq hüququn ciddi şəkildə pozulması barədə xəbərdarlıq edib.
AZƏRTAC-ın BMT-nin veb-saytına istinadla xəbər verir ki, Baş katib təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında jurnalistlərlə söhbətində müharibə və güc tətbiqi qaydalarına getdikcə daha çox məhəl qoyulmadığını, mülki şəxslərin isə ağır itkilər verdiyini bildirib. O, həmçinin humanitar öhdəliklərin pozulduğunu və bəzi hallarda hətta BMT işçilərinin təhlükəsizliyinə dair zəmanətlərə də əməl edilmədiyini qeyd edib.
A. Quterreş deyib: “Ədalət kor olmalıdır. Lakin bu gün çoxları ədalətin özünə göz yummağı seçir”.
Baş katib qanunsuzluq mühitinin xaos yaratdığını, əzabları artırdığını və məhvə apardığını vurğulayıb, dövlətləri beynəlxalq hüquqa əməl etməyə, ona olan sadiqliyi bir daha təsdiqləməyə çağırıb. O, həmçinin bu həftə BMT-nin əsas məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsinin 80 illik yubileyini qeyd etmək üçün Haaqaya gedəcəyini açıqlayıb və diqqətə çatdırıb ki, bu səfər bütün dövlətlərin istisnasız olaraq beynəlxalq normalara riayət etməsinin vacibliyinə dair aydın bir siqnal göndərməlidir.
BMT-nin Baş katibi əlavə edib: “Bu, Birləşmiş Millətlər Təşkilatının sülhü, ədaləti, suverenliyi və insan ləyaqətini qorumaq üçün nəzərdə tutulmuş təsisatları və prinsipləri qətiyyətlə dəstəklədiyinə dair güclü bir mesaj göndərir”.
O, diqqəti Yaxın Şərqdəki vəziyyətə çəkərək vurğulayıb ki, bu münaqişənin hərb yolu ilə həlli yoxdur. Quterreş danışıqların bərpasına, atəşkəsin qorunmasına və Hörmüz boğazı da daxil olmaqla naviqasiya azadlığına hörmət etməyə çağırıb. “Eskalasiyanın deyil, təmkin və diplomatiyanın vaxtı gəlib çatıb”, - deyə o bildirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.