RU

Paşa Qəlbinur: Akademik Zərifə Əliyeva tələbələrinə böyük diqqət və qayğı ilə yanaşırdı

Bakı, 15 aprel, AZƏRTAC

Akademik Zərifə Əliyeva çoxşaxəli istedad sahibi idi. Onu bir neçə istiqamətdən xarakterizə etmək mümkündür. Mən onun tələbəsi kimi, böyüklüyünə heyranlıqla yanaşan insanlardan biri olmuşam. Zərifə xanım görkəmli oftalmoloq-alim idi. Onun Azərbaycan və dünya oftalmologiyasında əvəzsiz xidmətləri olub. Bu xidmətlərdən biri traxoma xəstəliyinin aradan qaldırılması istiqamətində görülən böyük işlərdir. Vaxtilə saysız-hesabsız insanı görmə qabiliyyətindən məhrum edən bu xəstəliyə qarşı mübarizədə Azərbaycan oftalmoloqları mühüm rol oynayıb. Onların ön sırasında isə Zərifə xanım dayanmışdı.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri tibb elmləri doktoru, professor Paşa Musayev (Qəlbinur) görkəmli elm xadimi, həkim-oftalmoloq, akademik Zərifə Əliyeva haqqında xatirələrini bölüşərkən deyib.

Professor akademik Zərifə Əliyevanın göz almasının qüzehli qişasına əsaslanaraq diaqnoz qoyulması sahəsində yeni bir elmi istiqamətin əsasını qoyduğunu vurğulayıb: “Zərifə xanım bu sahədə SSRİ məkanında çap olunan ilk monoqrafiyaların müəlliflərindən biri kimi tanınırdı. Eyni zamanda, peşə xəstəlikləri ilə bağlı fundamental elmi istiqamətin yaranmasında onun xüsusi rolu olub. Böyük sənaye müəssisələrində çalışan insanların göz problemlərinin araşdırılması üçün SSRİ-də nadir və genişmiqyaslı elmi laboratoriya yaradıb və ona rəhbərlik edib. Bu laboratoriyanın fəaliyyəti oftalmologiya elminə mühüm töhfələr verib.

Deontologiya sahəsində də Zərifə xanımın xidmətləri xüsusi qeyd olunmalıdır. Həkim və xəstə münasibətlərində sözün, psixoloji yanaşmanın və mənəvi təsirin əhəmiyyətini ön plana çəkən elmi məqaləsi Moskvada nəşr olunan “Vestnik oftalmoloqii” jurnalında dərc olunmuş və böyük maraq doğurmuşdu. Daha sonra bu mövzuda monoqrafiyası da işıq üzü görmüşdü”.

Paşa Qəlbinur akademik Zərifə Əliyevanın fəaliyyətinin yalnız elmlə məhdudlaşmadığını qeyd edib: “Zərifə xanım həm də ictimai xadim idi. Moskvada təhsil aldığım illərdə onun çıxışlarını dəfələrlə dinləmişəm. Dünyanın məşhur oftalmoloqları arasında xüsusi hörmət qazanmış, Azərbaycanı layiqincə təmsil etmişdi. Zərifə xanım yüksək zövq sahibi idi. Gözəl piano ifa edirdi, incə yumor hissinə malik idi. Mühazirələrini maraqlı və təsirli şəkildə qurur, tələbələrinə və xəstələrinə böyük diqqət və qayğı ilə yanaşırdı. Onun xeyirxahlığı, təmənnasız yardımları və insanlara nur kimi təsir edən davranışı yaddaşımda silinməz iz buraxıb.

Tibb İnstitutuna qəbul olarkən hər kəsin öz arzusu vardı. Kimisi cərrah, kimisi kardioloq olmaq istəyirdi. Mən isə göz həkimi olmaq arzusuyla bu yolu seçmişdim. Bu səbəbdən Zərifə xanımla həm elmi toplantılarda, həm də həmin tədbirlərdən sonrakı görüşlərdə yaxından ünsiyyətdə olmuşam. Onun müəllimi Ümnisə Musabəyli ilə münasibətinin şahidi olmuşam. Bir dəfə Ümnisə xanım xəstəxanada müalicə alarkən Zərifə xanım və professor Zəhra Quliyeva onun yanına gəlmişdilər. Onlar müəllimlərinin qarşısında böyük ehtiramla ayaq üstə dayanıb, o icazə verməyənə qədər əyləşməmişdilər. Bu mənzərə mənə müəllimə olan hörmətin nə qədər uca dəyər olduğunu bir daha göstərdi. Zərifə xanım heç vaxt yüksək mövqeyini ön plana çıxarmağa çalışmazdı. Əksinə, bunu gizlədər, qarşısındakı insana böyük hörmət bəsləyərdi”.

Müxbir – Aysel Azadqızı
Fotoqraf – Tofiq Babayev
Избранный
23
1
azertag.az

2Источники