RU

Heydər Əliyevin memarlıq siyasəti: milli irsin qorunması və müasir şəhərsalmanın vəhdəti

Bakı, 14 aprel, AZƏRTAC

Bu gün Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin dəstəyi ilə “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın memarlıq irsi” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları, tanınmış memarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdən əvvəl iştirakçılar mövzuya həsr olunmuş foto-sərgi ilə tanış olublar. Daha sonra Ulu Öndər Heydər Əliyevin şəhərsalma və memarlıq sahəsindəki fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən tədbirdə giriş sözü ilə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov bildirib ki, müasir Azərbaycanın şəhərsalma və memarlıq sahəsinin inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Onun sözlərinə görə, Ümummilli Liderin rəhbərliyi dövründə bu sahə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub, şəhərlərin tarixi simasının qorunması və memarlıq abidələrinin bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov çıxışında qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi dövründə memarlıq irsinin inventarlaşdırılması, mühafizəsi və bərpası sistemli xarakter alıb. Bildirilib ki, Bakı şəhərinin inkişafı planlaşdırma prinsipləri əsasında həyata keçirilməyə başlanıb, paytaxtın Baş Planının yenilənməsi, ərazilərin funksional zonalara bölünməsi, yeni yaşayış massivlərinin salınması və mühəndis-kommunikasiya infrastrukturunun modernləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.

Vurğulanıb ki, bu strateji xətt hazırda Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir və tarix-memarlıq irsinin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Qeyd edilib ki, qarşıda duran əsas vəzifələrdən biri şəhərlərin həm tarixi kimliyini qoruyan, həm də müasir urbanistik tələblərə cavab verən dayanıqlı yaşayış məkanlarına çevrilməsidir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Könül Nurullayeva, Aydın Hüseynov və digər natiqlər Ulu Öndər Heydər Əliyevin memarlıq sahəsində müəyyən etdiyi siyasətin Azərbaycanın milli-mədəni irsinin qorunmasında mühüm rol oynadığını bildiriblər. Qeyd olunub ki, bu irsin gələcək nəsillərə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir.

Müxbir-Vüqar Qurbanoğlu
Fotoqraf-Tofiq Babayev
Operator - Ələkbər Baxşıyev
Избранный
2
3
azertag.az

4Источники