Bakı, 14 aprel, AZƏRTAC
Bu gün dünyada baş verən hadisələr qlobal logistikanın əvvəlki qaydalarla işləmədiyini açıq şəkildə göstərir. Dəniz marşrutlarında artan risklər, Yaxın Şərqdə və digər bölgələrdə davam edən gərginliklər ticarət axınlarını daha həssas edir. Bu isə alternativ yolların əhəmiyyətini kəskin şəkildə artırıb. Artıq söhbət, sadəcə, ehtiyat marşrutlardan yox, qlobal sistemin əsas dayaqlarına çevrilən yeni nəqliyyat xətlərindən gedir.
Bu dəyişən mənzərədə Azərbaycanın rolu xüsusilə diqqət çəkir. Çünki ölkə coğrafi mövqeyinə görə, sadəcə, keçid nöqtəsi deyil, Şərq–Qərb və Şimal–Cənub kimi iki əsas geoiqtisadi xəttin kəsişdiyi məkandır. Bu, baxımdan əsas məsələ bu potensialın necə istifadə olunmasıdır. Son illərdə həyata keçirilən infrastruktur layihələri, Ələt limanının inkişafı, dəmir yolu şəbəkəsinin genişləndirilməsi və multimodal logistikanın qurulması göstərir ki, bu proses planlı və məqsədyönlü şəkildə aparılır.
Digər vacib məqam isə Orta Dəhlizin artıq alternativ deyil, real və işlək marşruta çevrilməsidir. Bu dəhliz yalnız daşınma müddətini azaltmır, həm də qlobal ticarət üçün daha çevik və proqnozlaşdırıla bilən model təqdim edir. Paralel olaraq Şimal–Cənub dəhlizinin inkişafı Azərbaycanın rolunu daha da genişləndirir və ölkəni yalnız bir istiqamətdə deyil, çoxşaxəli logistika sisteminin mərkəzinə gətirir.
Siyasi şərhçi Rəşad Bayramov AZƏRTAC-a açıqlamasında bildirib ki, Orta Dəhliz və Şərq–Qərb ticarət axınlarının güclənməsi ölkəni Avrasiya logistikasında “keçid məkanından” daha mürəkkəb funksiyaya - koordinasiyaedici və yönləndirici mərkəzə doğru aparır.
Siyasi şərhçi qeyd edib ki, bu mövqenin davamlılığı iki əsas balans üzərində dayanır: iqtisadi dərinləşmə və geosiyasi tarazlıq. Reallıq göstərir ki, bu iki amil bir-birindən ayrı deyil, əksinə, bir-birini tamamlayan sistemdir. İqtisadi layihələrin genişləndirilməsi – dəmir yolları, limanlar, logistika qovşaqları və rəqəmsal tranzit sistemləri ölkənin fiziki imkanlarını artırır. Məsələn, Bakı Beynəlxalq Dəniz Limanı, Bakı–Tbilisi–Qars xətti və Xəzər üzərindən daşımalar Azərbaycanın tranzit imkanlarını real iqtisadi dəyərə çevirir. Bu, ölkəyə təkcə gəlir yox, həm də praktik əhəmiyyət qazandırır.
“Bəzən iqtisadi güc təkbaşına kifayət etmir. Qlobal logistika marşrutları həmişə böyük güclərin geosiyasi maraqları ilə kəsişir. Azərbaycan üçün əsas həssaslıq da məhz buradadır. Regionda Rusiya, İran, ABŞ, Avropa İttifaqı, Çin və Orta Şərq aktorlarının fərqli maraqları paralel şəkildə mövcuddur. Buna görə də siyasi balans, yəni heç bir blokdan asılı olmadan, amma hamısı ilə işləyə bilən çevik diplomatiya ölkənin strateji dayanıqlığını təmin edən əsas faktordur. Bu model tarazlaşdırılmış çoxvektorlu siyasət kimi xarakterizə olunur və Azərbaycanın indiki mövqeyinin əsas dayağıdır. Orta Dəhliz Azərbaycanın rolunu yeni mərhələyə yüksəldir. Bu marşrut artıq alternativ deyil, strateji seçim kimi formalaşır. Qlobal tədarük zəncirlərinin diversifikasiyası, xüsusilə Avrasiya ticarətində risklərin azaldılması Azərbaycanın tranzit əhəmiyyətini artırır. Bu, ölkəmizə şərtlərin formalaşmasında iştirak etmək imkanı verir. Alternativ marşrutların inkişafı ilə qiymət və risk balansına təsir etmək imkanları genişlənir və Azərbaycan regional razılaşmalarda institusional rol qazanır ki, bu da ölkəmizi sözün əsl mənasında qərarverici oyunçuya çevirir”, - deyə Rəşad Bayramov vurğulayıb.
Azərbaycanın “qlobal kəsişmə nöqtəsi” rolunun davamlılığının iqtisadi infrastrukturla siyasi balansın sintezindən asılı olduğunu deyən siyasi şərhçinin sözlərinə görə, iqtisadi layihələr ölkənin çəkisini artırır, siyasi balans isə bu çəkini sabit saxlayır. Orta Dəhliz isə bu iki amilin birləşdiyi əsas platformadır. Bu səbəbdən Azərbaycan artıq, sadəcə, tranzit ölkə deyil, həm də strateji təsirə malik oyunçudur.
Müxbir - Səbinə Əlizadə