"Xatırlayırsınız, 2 ildir biz bir tamaşaya baxırdıq. “Gülə-gülə kullan” deyib insan həyatını oyuncağa çevirən saxta həkim Ülviyyə İlyasova… Öz qaynı arvadını salon şəraitində əməliyyat edib ölümünə səbəb olmuşdu. Bu cinayətin üstünü örtməkdə isə bəzən media belə rol oynayırdı. ARB kanalinin yayımladığı verlişi xatırlatmaq yerinə düşür. Bu gün isə pərdə qapandı".
Axşam.az xəbər verir ki, bu sözləri jurnalist Qənirə Ataşova sosial şəbəkədə yazıb. Amerikada yaşayan jurnalist Bakıda qaynı arvadını estetik əməliyyat edərək ölümünə səbəb olmaqda ittiham edilən “AzE Estetik Mərkəzi”nin direktoru Ülviyyə İlyasovanın günahının təsdiqlənməsinə münasibət bildirib. Jurnalist həkimin aylar əvvəl aparıcı İlqar Mikayıloğlunun verilişinə çıxıb, özünü müdafiə etməsini qınayıb:
"Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Ülviyyə İlyasova 3 il 9 ay azadlıqdan məhrum edildi. Amnistiya ilə cəzası 6 ay azaldıldı. Zərərçəkmiş tərəfə isə ümumilikdə 72 min 516 manat təzminat ödənilməsi qərara alındı. Ən önəmlisi o, məhkəmə zalında həbs olundu.
Xatırladaq: Səbirə Vəliyeva həkim olmayan insan tərəfindən əməliyyat olunmuş, liposaksiya əməliyyatından sonra, həkim nəzarətindən kənarda saxlanıldığı üçün kəskin qanaxmadan həyatını itirmişdi. Və bu hələ son deyil…Ülviyyə İlyasova haqqında qanunsuz tibbi fəaliyyət və digər zərərçəkmişlərlə bağlı əlavə cinayət işləri də davam edir. Çünki o ölüm faktından sonra da saxta həkimliyə davam edirmiş… Bu, artıq tək bir insanın faciəsi deyil. Bu, sistemin, nəzarətin və ədalətin imtahanıdır. Bu cinayətin üstünün açılmasında əməyi olanlara Prezident Administrasiyasına, Azərbaycan mətbuatına və hüquq-mühafizə orqanlarına təşəkkür edirəm. Amma bu, son deyil.
Növbə Gəncədə VMR Estetik klinikasında həkim olmayan bir şəxs tərəfindən əməliyyat olunaraq həyatını itirən Gülbəniz Bayramovanın işinədir. Ədalət yarımçıq qalanda, vicdan da susmur. Bu dəfə də həqiqət sona qədər getməlidir. Bu mövzunu araşdıranda Vüqar doktor, Dilqəm doktor və Adil doktor söz vermişdilər ki, saxta həkimlərə qarşı mübarizə aparacaqlar. Amma real addım görmədim. Əksinə, bəzi hallarda bu “əməliyyatların” fəsadlarını ört-basdır edən yanaşmalarla qarşılaşdım. Hətta əllərinə qılınc alıb real həkimlərə hücum çəkdilər".
Qeyd edək ki, Ülviyyə İlyasovanın tibbi təhsili, o cümlədən müvafiq lisenziyası olmadığı halda müxtəlif ünvanlarda qanunsuz “liposaksiya-piysovurma, bədən şəkilləndirmə” cərrahi əməliyyatı, habelə digər cərrahi və estetik müdaxilələr etməsi nəticəsində Mila Əlibəyovanın səhhətində ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib. Ona Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Bu, Ülviyyə İlyasova ilə bağlı ilk belə hadisə deyil. Belə ki, “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasova Bakıda evinin mətbəxində eltisi Səbirə Vəliyevanı qanunsuz olaraq bədənşəkilləndirmə əməliyyatı edərək ölümünə səbəb olmaqda təqsirləndirilib. Bu ilin aprelində məhkəmənin hökmü ilə Ü. İlyasova 3 il müddətə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il 2 ay müddətə azadlıqdan məhrum edilib. Hökmdə onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi bildirilib.
Ü.İlyasovaya son cinayətə görə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi şərti il 3 il azadlıqdan məhrumetmə cəzası verilmişdi. Sonradan Ali Məhkəmə hökmü ləğv edərək yenidən araşdırmaya göndərib.
"Cebheinfo.az"