RU

“Su nasosları çatdırmır, kömək edin” – Masazırda kanalizasiya suları evlərə doldu

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Musavat.com-a bildirilib ki, normadan 6 dəfədən çox yağan bir neçə günlük intensiv yağışların fəsadları əsasən mərkəzləşdirilmiş kanalizasiya sisteminin və yağış kollektorlarının olmadığı ərazilərdə müşahidə edilib:

“Drenaj sistemlərinin qurulmadığı yollarda və ərazilərdə yağış suları tullantı su xətlərinə yönləndirilir. Bu hal isə kanalizasiya şəbəkələrinin artıq yüklənməsinə və suların daşınmasında maneələrin yaranmasına səbəb olur.

Həmçinin elə ərazilər var ki, orada mərkəzləşmiş tullantı su şəbəkələri mövcud deyil və müəyyən ərazilərdə tikilən evlər əsasən fərdi yaşayış üçün nəzərdə tutulmayan torpaq sahələrində inşa olunub. O cümlədən evlərin tikintisi zamanı seçilən məkanlar coğrafi relyef baxımından məskunlaşmaq üçün əlverişsiz ərazilərdir. Bu baxımdan həmin evlərin həyətlərinə yağış sularının axaraq dolması halları baş verir. Lakin buna baxmayaraq, müvafiq sukanal idarələrinin briqadaları tərəfindən həmin ərazilərin mümkün şərtləri çərçivəsində suyun çəkilməsi istiqamətdə sakinlərə köməklik göstərilir”.

***

Masazır qəsəbəsinin Zərifə Əliyeva küçəsində 18 gündür ki, sakinlər ciddi problemlə üz-üzə qalıb. Çirkab suları evlərə dolaraq yaşayışı demək olar ki, mümkünsüz hala gətirib.

Bununla bağlı Musavat.com-a müraciət edən sakinlər bildiriblər ki, problem yüzlərlə evi əhatə edir və vəziyyət getdikcə daha da ağırlaşır.

Sakinlərin sözlərinə görə, mart ayında yağan intensiv yağışlardan sonra kanalizasiya sistemi daşaraq evlərə dolmağa başlayıb:

“Yağışlardan sonra çirkab suları evlərimizə doldu. Əraziyə nasoslar quraşdırılsa da, onların sayı kifayət etmir və suyu tam çəkə bilmirlər. Dünən gecə və bu gün səhər yağan yağış vəziyyəti daha da ağırlaşdırıb. Nəticədə evlərdəki çirkab sularının səviyyəsi yenidən yüksəlib”.

Qeyd olunur ki, martın 27-dən etibarən aidiyyəti qurumlara müraciət edilib və əraziyə su nasosları yerləşdirilib. Lakin sakinlərin iddiasına görə, mövcud texniki imkanlar problemi aradan qaldırmaq üçün yetərli deyil. Nəticədə ərazidə yaşayan insanların minlərlə manatlıq zərərə məruz qaldığı bildirilir.

Sakinlər əsas tələb kimi çirkab sularının qısa müddətdə ərazidən çəkilməsini və evlərin dezinfeksiya olunmasını istəyirlər.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlanıb

Избранный
27
1
ekologiya.az

2Источники