Bakı, 14 aprel, AZƏRTAC
Cari ildə qlobal neft tələbatının ötən illə müqayisədə təxminən 80 min barel azalaraq sutkada 104 milyon 259 min barel olacağı proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
Bu göstərici ötənaykı hesabata görə gündəlik 730 min barel aşağı proqnozdur. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrin neft tələbatının gündəlik 200 min barel, OECD-yə üzv olmayan ölkələrin tələbatının isə 530 min barel azalacağı gözlənilir.
“İlin ikinci rübündə isə qlobal neft tələbatının ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 1,5 milyon barel azalacağı nəzərdə tutulur. Bu, COVID-19-dan bəri ən kəskin azalma olacaq”, - deyə hesabatda qeyd olunur.