RU

“Azəri Light nefti dünya bazarında yüksək keyfiyyətli premium neft sayılır” -EKSPERT DANIŞDI

“Venesuela təsdiqlənmiş qlobal neft ehtiyatlarının təxminən 17,2 faizinə, yəni 304 milyard barelə yaxın hissəsinə sahib olmaqla dünyada ilk yerlərdən birini tutur. Lakin bu böyük ehtiyat həcmi qısa və orta müddətli perspektivdə qlobal neft bazarına dərhal və ciddi təsir göstərə biləcək real amil kimi çıxış etmir”.

Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Venesuelaya mümkün siyasi və iqtisadi təzyiqlərinə baxmayaraq, ölkədə mövcud olan dərin struktur və texniki problemlər neftin sürətli şəkildə beynəlxalq bazarlara çıxarılmasını məhdudlaşdırır:

” Hasilat quyularının böyük hissəsi köhnəlmiş, emal və nəqliyyat infrastrukturu isə uzunmüddətli baxımsızlıq səbəbindən aşağı səmərəliliklə fəaliyyət göstərir.

Orinoko hövzəsi Venesuelanın əsas neft ehtiyatlarının toplandığı regiondur və burada çıxarılan xammal əsasən ağır və yüksək özlülüklü neft növünə aiddir. Bu tip neftin hasilatı, daşınması və emalı texniki baxımdan çətin, maliyyə baxımından isə yüksək xərc tələb edən prosesdir. Beynəlxalq bazarlara çıxış isə əsasən seyreltmə və qarışdırma üsulları ilə mümkündür.

Brent nefti ilə müqayisədə Venesuela nefti adətən 12–15 ABŞ dolları daha ucuz qiymətə satılır, sanksiyalar və geosiyasi risklərin artdığı dövrlərdə isə bu fərq 20 dollara qədər yüksələ bilir. Seyreltmə üçün zəruri olan yüngül neft və nafta çatışmazlığı isə hasilatın genişlənməsini məhdudlaşdıran əsas amillərdən biridir.

2025-ci ilin göstəricilərinə əsasən, Venesuelada gündəlik neft hasilatı təxminən 0,9 milyon barel səviyyəsində qiymətləndirilir. Mövcud texniki, maliyyə və institusional problemlərin mərhələli şəkildə aradan qaldırılması halında belə, 2026-cı ildə Venesuela neftinin qlobal bazara təsiri əsasən gözlənti və psixoloji faktorlarla məhdudlaşacaq.

Real təsirin 2027-ci ildən etibarən, hasilatın 1,3–1,5 milyon barel/gün səviyyəsinə yaxınlaşması ilə daha aydın hiss olunacağı proqnozlaşdırılır. Bu artım neft qiymətlərində kəskin eniş yaratmasa da, qiymətlərin yuxarı həddinə 5–7 dollar aralığında aşağıyönlü təzyiq göstərə bilər.

Daha uzunmüddətli perspektivdə Venesuelada hasilatın 2 milyon barel/gün səviyyəsində sabitləşməsi ölkəni qlobal neft bazarında struktur təsir gücünə malik aktora çevirə bilər. 3 milyon barel/gün və daha yüksək hasilat isə, xüsusilə OPEC tərəfindən kompensasiya olunmadığı halda, qlobal təklif balansına ciddi təsir göstərərək neft qiymətlərinin uzunmüddətli enişinə səbəb ola bilər. Oxşar ssenarinin İran üçün də eyni vaxtda reallaşması qlobal neft bazarında fundamental dəyişikliklər yarada biləcək amil kimi qiymətləndirilir.

Bu kontekstdə Azərbaycan nefti xüsusi əhəmiyyət kəsb edir. “Azəri Light” markalı neft yüksək keyfiyyət göstəriciləri ilə dünya bazarında premium neft növlərindən biri hesab olunur və sabit alıcı tələbi ilə seçilir. Venesuela neftinin bazara çıxışı ümumi qiymət səviyyəsinə müəyyən təzyiq göstərsə də, 2026-cı ildə ciddi ucuzlaşma effekti yaratması gözlənilmir. Daha real ssenari qiymət təzyiqlərinin 2027-ci ildən etibarən tədricən formalaşması və bunun dolayı şəkildə “Azəri Light” neftinin qiymət dinamikasına təsir etməsidir”.

Müəllif: Günay Hacıyeva
Избранный
7
1
sia.az

2Источники