ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Azərbaycan–Ermənistan münasibətləri uzun illərdir regionun ən həssas və mürəkkəb məsələlərindən biri hesab olunub. Bu münasibətlərin formalaşmasında tarixi hadisələr, siyasi maraqlar və regional təhlükəsizlik amilləri mühüm rol oynayıb. Xüsusilə Qarabağ münaqişəsi iki ölkə arasında gərginliyin əsas səbəblərindən biri olub.
Son illərdə baş verən dəyişikliklər, o cümlədən İkinci Qarabağ müharibəsi regionda yeni reallıqlar yaradıb. Bununla yanaşı, tərəflər arasında münasibətlərin normallaşdırılması istiqamətində müxtəlif siyasi və diplomatik addımlar atılıb, beynəlxalq təşkilatlar və vasitəçilər bu prosesdə müəyyən rol oynayıb.
Maraqlıdır, bəs Azərbaycan–Ermənistan münasibətlərində son vəziyyət necədir?
Məsələ ilə bağlı siyasi şərhçi Əziz Əliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərdə hələ hər şey tam hamar deyil:

“Ermənistan daxilində tez-tez alternativ fikirlər gündəmə gəlir və xüsusilə seçki ərəfəsində müxtəlif manipulyasiya cəhdlərinin artacağı ehtimal olunur. Vətəndaş cəmiyyətləri arasında keçirilən görüşlər də göstərir ki, tərəflər müəyyən məsələlərə fərqli yanaşmalar sərgiləyirlər. Eyni zamanda, regionda baş verən proseslər, xüsusilə Rusiya, İran və ABŞ arasındakı münasibətlər fonunda yaranan yeni reallıqlar da diqqətə çatdırılmağa çalışılır. Bu kontekstdə Zəngəzur dəhlizi və TRIPP layihəsi üzərindən müəyyən təşəbbüslərin irəli sürüldüyü müşahidə olunur. Cari dövr həm də bir keçid mərhələsi kimi qiymətləndirilə bilər və seçkilər ərəfəsində Azərbaycan–Ermənistan münasibətləri üçün ciddi bir sınaq xarakteri daşıyır. Azərbaycan tərəfindən Ermənistana müəyyən sahələrdə, o cümlədən yanacaq məhsullarının çatdırılması istiqamətində atılan addımlar müsbət yanaşma kimi dəyərləndirilə bilər. Lakin bu cür təşəbbüslərin davamlı olması üçün qarşı tərəfdən də adekvat addımların atılması vacibdir. Burada məsələ yalnız maddi dəyər deyil, eyni zamanda qarşılıqlı etimad və münasibətlərin normallaşması baxımından önəm daşıyır”.
Nurcan Babək
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.