Xəbər verdiyimiz kimi, Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda yerləşən Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyinə daxil olan silahlı şəxs ətrafa atəş açıb.
Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, hadisə anının dəhşətli görüntüləri sosial mediada yayılıb.
Liseydə baş verən silahlı hücum böyük təşvişə səbəb olub. Hadisə barədə daxil olan məlumatdan dərhal sonra əraziyə çox sayda polis, təcili tibbi yardım və xüsusi təyinatlı dəstələr cəlb edilib. Təhlükəsizlik qüvvələri məktəb binasında genişmiqyaslı təhlükəsizlik tədbirləri görüb, içəridə olan şagirdlərin böyük hissəsi təxliyə edilib.
Son məlumatlara görə, hücum nəticəsində 16 nəfər yaralanıb.
Yaralılar hadisə yerində göstərilən ilk tibbi yardımdan sonra xəstəxanalara çatdırılıb.
Hücum edən şəxsin həmin məktəbin şagirdi olduğu iddia edilir. Eyni zamanda, şübhəlinin bəzi şagirdləri girov götürdüyü barədə məlumatlar yayılıb. Hazırda cinayətkarın zərərsizləşdirilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Hadisənin baş vermə anı ətrafdakı təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.
Faktla bağlı genişmiqyaslı araşdırmalara başlanılıb.
Musavat.com